Formula-1: Səudiyyə Ərəbistanında da “Red Bull” pilotu fərqləndi

Formula-1: Səudiyyə Ərəbistanında da “Red Bull” pilotu fərqləndi

Hazırda oxunan: Formula-1: Səudiyyə Ərəbistanında da “Red Bull” pilotu fərqləndi

126460

Formula 1 üzrə mövsümün ikinci Qran-prisinə yekun vurulub.   

Bizim.Media xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən yarışda yenə də “Red Bull” pilotları uğur qazanıb. 

İki həftə əvvəl Bəhreyndə ilk iki pilləni müvafiq olaraq Maks Ferstappenlə Serxio Peres bölüşmüşdüsə, bu dəfə komanda yoldaşları yerlərini dəyişib.

Meksikalı pilot təsnifatda olduğu kimi final mərhələsində də rəqiblərini qabaqlamağı bacarıb. O, 50 dövrəni 1 saat 21 dəqiqə 14 saniyəyə qət edərək karyerasında 5-ci dəfə Qran-pri yarışının qalibi olub. 

Təsnifat mərhələsində mühərrikində problem yaşadığına görə yarışa 15-ci sıradan start verən Maks Ferstappen isə məharətini nümayiş etdirərək 13 rəqibini geridə qoymaqla 2-ci yeri tutub. Niderlandlı pilot Peresdən 5,3 saniyə geridə qalıb. Bəhreyndəki yarışı 3-cü pillədə başa vuran “Aston Martin” pilotu Fernando Alonso isə yenə də eyni nəticəni göstərib. Bununla da Fernando karyerasında 100-cü dəfə fəxri kürsüyə yüksəlib. 

Bəhreyndə uğursuzluqla yadda qalan “Mersedes” pilotları Ciddədə azarkeşlərini ümidləndirib.

Corc Rassell yarışı 4-cü, Lüis Hemilton isə 5-cü yeri tutmaqla diqqət çəkin “Ferrari” sürücüləri isə ardıcıl 2-ci yarışında da fəxri kürsüyə yüksələ bilməyib. Karlos Sayns yarışı 6-cı, Şarl Lekler isə 7-ci sırada başa vurub.
Şəxsi birinciliyə gəlincə, “Red Bull” pilotlu Maks Ferstappen 44 xalla liderdir. Serxio Peres komanda yoldaşından 1 xal geridədir. Mühəndislər Kubokuna da 81 xalla “Red Bull” başçılıq edir. İkinci yerdə gedən “Mersedes”in 41 xalı var. Növbəti qran-pri isə aprelin 2-də Avstraliyada keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO