Nepalın Salyan dairəsinin Darma kəndində son üç həftə ərzində kolluq yatalağı (krub-tif qızdırması) səbəbindən dörd nəfər dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə "Kathmandu Post" qəzeti məlumat yayıb.
Bildirilib ki, 100-dən çox insanın analiz nəticəsi pozitiv çıxıb və yoluxma halları artmaqda davam edir. Tibb müəssisələri hər gün 3-4 yeni xəstə aşkar edir, xəstələrin bir qismi isə Danq və Nepalqanc şəhərlərindəki xəstəxanalara göndərilir.
Səhiyyə şöbəsinin rəhbəri Yaqya Bahadur Basnetin sözlərinə görə, yoluxanlardan 3-ü avqustun sonunda, daha biri isə bir qədər sonra xəstəxanada müalicə olunarkən vəfat edib. Hər dörd nəfərdə diaqnoz rəsmən təsdiqlənib.
Bhalçaur tibb məntəqəsinin əməkdaşı qeyd edib ki, normalda müəssisə gün ərzində 15-20 xəstə qəbul etdiyi halda, epidemiyanın başlaması ilə bu rəqəm 30-a yüksəlib.
"Dərman qəbul etdikdən sonra qızdırması düşməyən xəstələri testdən keçiririk", — deyə o bildirib.
Səlahiyyətli orqanlar insanların tibbi mütəxəssislərlə məsləhətləşmədən dərman qəbul etməyə başlamasından ciddi narahatlıq keçirirlər. Səhiyyə rəsmisi Basnet sakinləri qızdırma uzun müddət yüksək qaldıqda özünümüalicə ilə məşğul olmamağa və test verməyə çağırıb.
Rəsmilərin bildirdiyinə görə, epidemiyanı hələ ki nəzarət altına almaq mümkün deyil.
Nepalda kolluq yatalağının yayılma riski musson yağışları mövsümündə, yəni yerli sakinlərin çəmənliklərdə və meşələrdə daha çox vaxt keçirməyə başladığı dövrdə kəskin şəkildə artır.
Bizim.Media


































































































