Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəni dayandırmaq istəmir, lakin bunu etməyə məcbur olacaq. Bununla bağlı müvafiq plan hazırlanıb.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Gənclər Forumunda çıxışı zamanı deyib.
Zelenskinin sözlərinə görə, bunun üçün görüləcək bütün tədbirlər hesablanıb.
“Biz nə etməli olduğumuzu anlayırıq. Bu, tərəfdaşlarımızla birlikdə onun (Putinin – red.) üzərinə necə təzyiq göstərmək barədə hazırladığımız ümumi plandır”, – deyə Ukrayna Prezidenti bildirib.
Zelenskinin sözlərinə görə, istənilən halda Ukrayna Müdafiə Qüvvələri cəbhəni qoruyub saxlamalıdır.
“Bu, prezidentə düşmənlə güclü dialoq aparmaq imkanı verir”, – deyə o bildirib.
Ukrayna lideri hesab edir ki, döyüş meydanındakı vəziyyət kifayət qədər güclü olmadıqda, dialoq Ukraynanın maraqlarına uyğun olmayan həddindən artıq güzəştlərə çevrilir.
O vurğulayıb ki, hazırda Ukraynanın əsas strategiyası Putinin strategiyasına qarşı mübarizə aparmaqdır.
Zelenski həmçinin Rusiya prezidentinin səfərbərliyi genişləndirməyi və mümkün qədər çox insanı orduya cəlb etməyi planlaşdırdığını xatırladıb.
Bu səbəbdən Ukrayna lideri beynəlxalq tərəfdaşları dəstəyi, xüsusilə də hava hücumundan müdafiə sahəsində yardımı genişləndirməyə çağırıb. O, Müdafiə Qüvvələrinin vəzifələri sırasında cavab zərbələrinin endirilməsini də qeyd edib.
“Biz müharibəni Rusiya ərazisinə qaytarmalıyıq. Bundan sonra Rusiya cəmiyyəti bu müharibənin nəticələrini öz üzərində hiss edəcək və hakimiyyətə təzyiq göstərəcək”, – deyə Zelenski fikrini yekunlaşdırıb.
Bizim.Media






























































































