ABŞ-ın Florida ştatında 1960-cı illərdə böyük yaşayış məntəqəsi yaratmaq məqsədilə qurudulan bataqlıq ərazinin əvvəlki vəziyyətinə qaytarılması üçün aparılan nəhəng ekoloji bərpa layihəsi başa çatıb. Picayune Strand bölgəsində yüzlərlə kilometr yol sökülüb, kanallar bağlanıb və suyun təbii axınının bərpasına şərait yaradılıb.
Bizim.Media xəbər verir ki, Florida ştatının cənub-qərbində yerləşən ərazi 1960-cı illərdə Golden Gate Estates adlı nəhəng yaşayış layihəsi üçün hissələrə bölünüb.
Yeni yaşayış massivinin salınması üçün bataqlıqların qurudulması məqsədilə kanallar qazılıb və geniş yol şəbəkəsi yaradılıb.
Lakin planlaşdırılan məskunlaşmanın böyük hissəsi heç vaxt reallaşmayıb. Buna baxmayaraq, əraziyə edilən müdaxilələr təbii su sistemini ciddi şəkildə dəyişdirib.
İllər sonra ərazinin yenidən bataqlıq ekosisteminə qaytarılması üçün Picayune Strand Restorasiya Layihəsinə başlanılıb.
Layihə çərçivəsində 418 kilometrdən çox yol sökülüb. Bundan başqa, təxminən 77 kilometr kanal bağlanıb, 95 kilometrdən artıq köhnə meşədaşıma yolu da ərazidən götürülüb.
Ərazidə üç böyük nasos stansiyası da inşa edilib. Bu sistemlər əvvəllər kanallar vasitəsilə ərazidən sürətlə uzaqlaşdırılan şirin suyun yenidən bataqlıq ərazilərə yönəldilməsinə imkan verir.
Restorasiya işləri 22 min hektardan çox ərazini əhatə edir. Layihənin tamamlanmasından sonra suyun təbii axınının böyük ölçüdə bərpa olunduğu və bataqlıq bitkilərinin yenidən əraziyə qayıtmağa başladığı bildirilir.
Bərpa işlərinin Florida panterləri də daxil olmaqla vəhşi heyvanlar üçün daha geniş və parçalanmamış yaşayış mühiti yaratdığı qeyd olunur.
Layihə daha böyük Everqleyds ekosisteminin bərpası proqramının mühüm hissələrindən biri hesab edilir. (Musavat.com)
Bizim.Media


































































































