Qətər şeyxi Berluskoninin əfsanəvi villasını 395 milyon dollara aldı – Bunkeri də var

Qətər şeyxi Berluskoninin əfsanəvi villasını 395 milyon dollara aldı – Bunkeri də var

Hazırda oxunan: Qətər şeyxi Berluskoninin əfsanəvi villasını 395 milyon dollara aldı – Bunkeri də var

622547

Biznes dünyasında "Londonu satın alan adam" kimi tanınan Qətər kral ailəsinin üzvü və ölkənin keçmiş baş naziri, şeyx Həməd bin Casim bin Cabir Əl Tani İtaliyanın Kosta-Smeralda kurortuna olan 20 illik sevgisini böyük bir sövdələşmə ilə taclandırıb. Şeyx İtaliyanın mərhum eks-baş naziri Silvio Berluskoninin varislərindən məşhur "Çertoza" (Villa Certosa) villasını 395 milyon dollara satın alıb.

Bizim.Media xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu "Il Sole 24 Ore" iqtisadiyyat qəzeti məlumat yayıb.

66 yaşlı şeyx Marinella körfəzinə açılan bu möhtəşəm mülkü ultra-lüks otelə çevirməyi planlaşdırır. Villa ilkin olaraq 500 milyon avroya satışa çıxarılsa da, Əl Tani böyük bir endirimlə — ilkin qiymətdən 150 milyon avro daha ucuz qiymətə sövdələşməni bağlaya bilib.
 

Lakin bu "endirimli" mülkün saxlanılması adi milyarderlərin büdcəsini sarsıdacaq dərəcədə baha başa gəlir. Villanın illik texniki xidmət xərcləri təxminən 9 milyon dollar, təkcə işıq pulu isə ildə 1,5 milyon dollar təşkil edir. Bundan əlavə, obyektin üzərində 94 milyon avro (107 milyon dollar) həcmində ipoteka öhdəliyi var. Mülkün daxilində su kəsintisinin qarşısını almaq üçün xüsusi dəniz suyunu şirinləşdirən qurğu da fəaliyyət göstərir.


Malikanə ümumilikdə 120 hektar ərazini əhatə edir. Bu miqyası anlamaq üçün qeyd edək ki, sözügedən ərazi 83 futbol meydançası böyüklüyündədir və bütöv bir Vatikan dövlətindən daha böyükdür. Baş iqamətgah və əlavə tikililərin yaşayış sahəsi 4 500 kvadratmetrdir ki, bura da 126 otaq və nadir səhləb çiçəklərinin (orxideya) yetişdirildiyi istixanalar daxildir.

Oteldə dəniz suyu ilə qızdırılan tərkibli kaskad tipli 5 hovuz da daxil olmaqla, ümumilikdə 7 hovuz, qu quşlarının üzdüyü süni göllər, tamölçülü futbol meydançası, tennis kortları, qolf sahəsi, helikopter meydançası, spa kompleksi və qədim yunan üslubunda amfiteatr mövcuddur.
 

Mülkün ən ekzotik xüsusiyyətlərindən biri isə daxilində nüvə əleyhinə sığınacağın (bunker) və birbaşa qayada oyulmuş gizli qrotun (mağara) olmasıdır. Dəniz yolu ilə gələn qonaqlar xüsusi sualtı tunel vasitəsilə birbaşa villaya daxil ola bilirlər ki, bu da mülkü Ceyms Bond filmlərindəki gizli casus bazalarına bənzədir.


Həmçinin memar Canni Qamondinin layihələndirdiyi bağlarda 2100-ə yaxın kaktus, 1200 palm, 5000-dən çox hibiskus kolu, 150 çoxəsrlik zeytun ağacı və 800 sitrus ağacından ibarət unikal təbii muzey yaradılıb.

Forbes-in məlumatına görə, təxminən 5 milyard dollar sərvəti olan şeyx Həməd bin Casim üçün bu alış həm də şəxsi xarakter daşıyır.

O, hər yay özünün 300 milyon dollarlıq "Al Mirqab" superyaxtası ilə bu sahillərdə lövbər salır. Şeyxə məxsus "Constellation Hotels" şirkəti artıq dünyada bir çox kult otellərin sahibidir, lakin "Villa Certosa" onun kolleksiyasının ən parlaq brilyantı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO