Samsung-u məhkəməyə verdi: 15 milyon dollar tələb edir

Samsung-u məhkəməyə verdi: 15 milyon dollar tələb edir

Hazırda oxunan: Samsung-u məhkəməyə verdi: 15 milyon dollar tələb edir

612491

Dünya şöhrətli pop ulduz Dua Lipa Samsung şirkətini onun fotosundan icazəsiz istifadə etməkdə ittiham edərək məhkəməyə müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə Kaliforniya federal məhkəməsinə təqdim edilən sənədlərdə bildirilir.

İddia ərizəsinə əsasən, Samsung şirkəti ABŞ ərazisində televizorların reklamı üçün müğənninin fotosunu onun razılığı, icazəsi və hər hansı maliyyə ödənişi olmadan karton qutuların üzərində yerləşdirib.
 

“Xanım Lipanın siması onun xəbəri olmadan, kompensasiya verilmədən və heç bir nəzarət və ya iştirak hüququ tanınmadan istehlak məhsulunun genişmiqyaslı marketinq kampaniyasında fəal şəkildə istifadə edilib”, - deyə iddiada qeyd olunur.


Müğənninin vəkilləri bildirirlər ki, sənətçi bu cür istifadəyə icazə verməyib və heç vaxt icazə verməzdi.

30 yaşlı “Grammy” mükafatçısı ən azı 15 milyon dollar kompensasiya, həmçinin onun təsviri olan televizorların satışından əldə edilən gəlirin ona ödənilməsini tələb edir.

Mübahisənin mərkəzində “Dua Lipa - Backstage at Austin City Limits, 2024” adlı qeydiyyatdan keçirilmiş foto dayanır. Şəkil Austin City Limits musiqi festivalının kulisində çəkilib.
 

Müğənninin vəkillərinin iddiasına görə, Samsung həmin fotodan kommersiya məqsədilə istifadə edərək Dua Lipanın brendi dəstəklədiyi və ya məhsulla əlaqəli olduğu barədə yanlış təəssürat yaradıb.


İddia materiallarında bildirilir ki, süni şəkildə müğənninin həmin məhsulu bəyəndiyi təsəvvürü formalaşdırılıb və bu da alıcıları televizorları məhz onun fotosuna görə almağa təşviq edib.

Sənəddə alıcıların sosial şəbəkələrdəki reaksiyalarına da xüsusi diqqət ayrılıb. Müğənninin vəkilləri onun fotosunun satışlara təsirini göstərmək üçün istifadəçilərin şərhlərini də misal gətiriblər.

Alıcılardan biri yazıb ki, ümumiyyətlə televizor almaq niyyətində olmayıb, lakin qutunun üzərindəki fotonu gördükdən sonra məhsulu almağa qərar verib.

Digər istifadəçi isə qeyd edib ki, “nə isə satmaq istəyirsinizsə, sadəcə onun üzərinə Dua Lipanın fotosunu yerləşdirin”.
 

Müğənninin nümayəndələrinin sözlərinə görə, Dua Lipa hüquqlarının pozulmasından hələ 2025-ci ilin iyununda xəbər tutub. Bundan sonra onun komandası Samsung-a rəsmi xəbərdarlıq göndərərək fotodan istifadəni dayandırmağı tələb edib.


Lakin iddiaya görə, şirkət bu xəbərdarlığa məhəl qoymayıb.

“Samsung-un cavabı etinasız və laqeyd olub”, - deyə sənətçinin vəkilləri bildiriblər.

Onlar həmçinin iddia edirlər ki, müğənninin fotosu olan məhsullar hələ də bazarda qalmaqdadır.

Dua Lipanın hüquq komandası hesab edir ki, Samsung onun dünya miqyasında tanınmasından, nüfuzundan və kommersiya cəlbediciliyindən bilərəkdən istifadə edib.

İddiada vurğulanır ki, Samsung-un müğənninin imicindən heç bir kompensasiya ödəmədən istifadə etməsi onun illərlə formalaşdırdığı uğurlu brendə zərbə vurur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO