Son zamanlar Moldova anti-Rusiya siyasətini daha da aktivləşdirib. Xüsusilə də, Moldovanın MDB-dən çıxmasından sonra bu tendensiya daha aydın müşahidə olunur.
Bir neçə gün əvvəl isə Prezident Maya Sandu Moldovanın Rumıniya ilə birləşməsinin vacibliyini bir daha vurğulayıb. Sandu qeyd edib ki, Moldovanın Rumıniyanın tərkibinə daxil olması Kişinyovun Avropa İttifaqına daha sürətli qoşulmasına imkan verə bilər.
Moldovanın Baş nazirinin reinteqrasiya üzrə müavini Valeriu Çiverinin son açıqlaması isə daha çox diqqət çəkir. O bildirib ki, Kişinyov Rusiya qoşunlarının Dnestryanıdan çıxarılmasını tələb edəcək. Çiveri deyib ki, Dnestryanıdakı Rusiya Qüvvələrinin Əməliyyat Qrupu bütövlükdə Moldova və Ukraynanın təhlükəsizliyinə təhdid yaradır.
Xatırladaq ki, Rusiya Qüvvələrinin Əməliyyat Qrupunun rəhbər heyəti bir müddət əvvəl Moldova tərəfindən persona non qrata elan edilmişdi.
Aydın məsələdir ki, Kişinyovun bu demarşını Moskva sakitcə seyr etməklə kifayətlənməyəcək.
Bu fonda Moldovanı da Ukrayna ssenarisi gözləyə bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirib ki, Moldovanın son addımları ölkə üçün ciddi problemlər yaradacaq:
“Moldova parlamenti ölkənin MDB-dən çıxması barədə qərar qəbul edib. MDB nizamnaməsinə görə bu müraciətə bir il ərzində baxılıb qərar verilməlidir. Moldovanın Rumıniyaya birləşməsi üçün də ölkədə referendum keçirilməli və Buxarest də buna razılıq verməlidir. Ancaq bu ciddi problemlər yaradacaq. Ona görə də hələlik məsələ ayrı-ayrı şəxslərin bəyanat vermələrilə bitəcək. Birləşməyə gedilərsə, Dnestryanı məsələsi də böyüyəcək. Rusiya bölgədəki hərbi qüvvələrini hərəkətə keçirəcək”.
Müsahibimizin fikrincə, Ukrayna variantının Moldovada da təkrarlanması ehtimalı böyükdür:
“Rusiya xoşluqla Moldovanın NATO ölkəsinə birləşməsinə imkan verməyəcək. 2027-ci ilin aprelinə qədər Ukrayna müharibəsinin bitməsi ehtimalı var. Bu əsasda Moldovada da Ukrayna ssenarisini işə salınması tamamilə mümkündür. Avropa üçün ABŞ olmadan Rusiya ilə müharibə etmək çox çətindir. Bu səbəbdən indiki dövrdə Moldovanın Rumıniyaya birləşməsinin reallaşma ehtimalı çox aşağıdır. Hələ bu məqam yetişməyib”.
Rüfət Sultan, Bizim.Media




































































































