Şəhid anası: “Mən oğlumu deyil, ürək dostumu itirdim” - VİDEO

Şəhid anası: “Mən oğlumu deyil, ürək dostumu itirdim” - VİDEO

Hazırda oxunan: Şəhid anası: “Mən oğlumu deyil, ürək dostumu itirdim” - VİDEO

8462

“Səbuhi Vətəni, torpağı bizdən çox istədi. Mənin anam şuşalı, atam da Ağdərənin kəndindən olub. Həmişə oralara getmək istəmişəm. Deyirdik ki, oralar alınsa, gedib görəcəyik. Səbuhi isə mənsiz gedib gördü”.

Bu fikirləri 44 günlük Vətən müharibəsində canından keçən Səbuhi İsgəndərlinin anası Gülnarə Mustafayeva Bizim.Media-nın çəkiliş qrupuna deyib.

Şəhid ailələrinə baş çəkmək, onlarla həmsöhbət olmaq istənilən insan üçün həm ağırdır, həm də qürurvericidir. Ağırdır, ona görə ki, dərdlərini, ağrılarını onlar kimi çəkə bilmirsən. İstəsən də o sızıntıları onların ürəyindən çəkib çıxartmaq olmur. O sızıntılar bir ömür boyu onların ürəklərində qalır. 

Qürurvericidir, ona görə ki, o şəhidlərlə təkcə valideynləri deyil, bütün Azərbaycan xalqı fəxr edir. Məhz o igidlərin qəhrəmanlığı sayəsində 30 ildən sonra ermənilər üzərində qələbə çaldıq, ayağımız Şuşaya, digər dədə-baba ocaqlarımıza dəydi.

Ana isə əslən şuşalı, ağdərəli olsa də hələlik ora gedə bilmir. Ora oğlu gedib və həsrətimizə, nisgilimizə son qoyub. Elə öz həyatına da...

“Əsgər yoldaşı yazır ki, Səbuhi, sənin səsin, bütün gün oxuduğun mahnı bizim qulaqlarımızdan getmir. Bacısı hansı mahnını oxuduğunu soruşub. Bütün günü oxuyurdu ki, “Anama dəymə, Allah”. Allah onun arzusunu yerinə yetirdi, ancaq mənim arzularımı yerinə yetirmədi. Mən də bütün günü Allaha yalvarırdım ki, balama dəymə”. 

Ananın bu ürək çırpıntılarına sakit qulaq asmaq çox çətindir...

“Təkcə oğlumu deyil, dostumu, yoldaşımı, sirdaşımı, ürək dostumu, məsləkdaşımı itirmişəm”. Oğullar analarının həmişə ürək dostu olur..

Atalar isə ata olduqlarından sözlərini ürəklərinin gizli yerində saxlayır. 

Səbuhinin atası Yaşar Mustafayev söhbəti zamanı oktyabrın 28-də gecə ona zəng gəldiyini dilə gətirir:

“Dedilər ki, Səbuhi Füzuli hospitalındadır. Səhər getdim, şəhid olmuşdu. Tanıdım, qəlpə dəymişdi, bir də sol gözünün yanında zədə var idi. Onun heç nədən qorxusu yox idi, hər şeyi ürəklə edirdi. Döyüşlər gedən vaxtı da dəfələrlə danışmışıq, harda olduğunu bildirmirdi. Deyirdi ki, poliqondayıq”.

Onun əsgər yoldaşı o anı belə xatırlayır:

“Mən yaralanmışdım. Yanımıza tez-tez mərmi atırdılar. Nə qədər deyirdim ki, Səbuhi yerə uzan, uzanmırdı. Bir də gördüm, yıxıldı. Yaralı olsaydı, onu çıxardardım. Baxıb gördüm ki, gecdir, şəhid olub”.

Atası Yaşar Mustafayev əsgərdən oğlunun ölüm ayağında çoxmu əziyyət çəkdiyini soruşub. Cavab isə bir kəlmə olub: “Yox”.

“Bacısı deyirdi ki, evdə olanda Səbuhi ilə söhbət edirdik. Bildirirdi ki, öləndə elə olsun ki, ağrı hiss etməyim, əziyyət çəkməyim. Həqiqətən də elə olub. Atası deyir ki, bədəninin heç yerində yara yeri yoxuydu. Yalnız sol gözünün yanında balaca zədə var idi. Bir neçə gün öldüyünə baxmayaraq bədəninin rəngi də dəyişməmişdi, elə bil yatmışdı”. 

Analar üçün övladlarının rəngi həmişə eyni olur...

Səbuhi 2001-ci il iyunun 25-də Tərtər rayonunda anadan olub. 2007-ci il sentyabrın 15-də Şəki şəhər 11 saylı məktəbdə 1-ci sinifə gedib. 11 illik orta təhsilini 2018-ci ildə tamamlayan Səbuhi oxuduğu illərdə həm müəllimlərinin, həm də sinif yoldaşlarının sevimlisi olub. Bu illərdə o, bir çox idman növləri ilə məşğul olub, sərbəst güləş üzrə 1-ci və 2- ci dərəcəli qalibiyyətlər əldə edib. 2019-cu il iyul ayının 4-də Sərhəd Xidmətinin Yevlax Rayon N saylı hərbi hissəsinə yollanıb.

Qarabağ müharibəsi başladıqdan sonra isə Yevlaxdakı hərbi hissədən öz istəyi ilə cəbhə bölgəsinə gedib. Vətən müharibəsində göstərdiyi igidliklərinə görə “Zəngilanın azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. 

Səbuhi 22 oktyabrda əsgərliyinin bitməsinə iki ay qalmış Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub. 

Anası Gülnarə Mustafayeva oğlunun vaxtından əvvəl böyüdüyünü xüsusi vurğulayır: “Danışanda ağsaqqal kişi danışırdı”.

Bizim.Media şəhid ailəsindən hazırlanan video görüntünü sizə təqdim edir:

Aliyə İlyas, Babək Göyüş, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO