Milli Məclisin aprelin 5-də keçirilən plenar iclasında Cinayət və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Belə ki, narkotik vasitələrin hazırlanması, daşınması, saxlanılması və istifadəsi ilə bağlı normativ hüquqi aktlara müvafiq dəyişikliklər I oxunuşda qəbul olunub.
Layihəyə əsasən, şəxsi istifadə miqdarında narkotik vasitələrin hazırlanması, saxlanıılması və istifadəsində təqsirli bilinən şəxslər 400-500 manat məbləğində cərimə olunacaq, ən ağır halda isə 2 ay müddətinə qədər inzibati həbs cəzasına məhkum ediləcəklər.
Maraqlıdır ki, cəzaların yüngülləşdirilməsi heç də birmənalı qarşılanmayıb. Bunun narkotik istifadəçilərinin sayının artmasına səbəb olacağı əksəriyyət tərəfindən iddia olunur.
Bəs, cəzaların yüngülləşdirilməsi narkomaniyanın yayılmasına necə təsir göstərir?
Bizim.Media-nın araşdırmasına görə, dünya təcrübəsində dərman müalicəsi, psixoterapevtik, reabilitasiya üsullarından kompleks istifadə narkotik asılılığından qurtulmaqda ən uyğun müalicə metodu hesab olunur.
Bir sıra inkişaf etmiş ölkələrdə, bu məqsədlə fərqli yanaşmalara müraciət olunur. Məsələn, ABŞ təcrübəsinə nəzər saldıqda görə bilərik ki, əksər ştatlarda şəxsi istifadə məqsədilə narkotik maddələrdən istifadəyə görə cinayət məsuliyyəti nəzərdə tutulsa da, cəzanın xarakterindən asılı olaraq, şəxs müalicə məqsədi tədbirlərə baş vurmaq istədikdə məsuliyyətdən azad edilirlər. Bundan əlavə narkotik istifadəçilərinin bir araya toplandığı psixoloji terapiya dərnəkləri də fəaliyyət göstərir. Qeyd olunur ki, bu metod sayəsində narkomaniya ilə mübarizədə irəliləməyə nail olunub.
Almaniyada isə reabilitasiya və psixoloji dəstəklə yanaşı, əmək və yemək terapiyası kimi yollara baş vurulur.
Ümumilikdə isə, narkotik istifadəsinin cinayət tərkibi yaratmaması ilə bağlı qanunun qəbul olunduğu ilk ölkə Portuqaliyadır. Belə ki, 2000-ci ildə sözügedən qanunun qəbul olunub. Statistikaya görə, həmin dövrdə ölkədə hər milyon nəfərdən 104,2-si narkotikdən istifadə edirdisə, 2015-ci ildə bu say 4,2-yə qədər azalıb.
Çexiyada 2009, Fransa və Almaniyada 2016, İrlandiya, Norveç və Hollandiyada isə 2017-ci ildən etibarən narkotikdən istifadə cinayət məsuliyyəti yaratmır. Sözügedən ölkələrin statistikası da narkotik istifadəçilərinin sayında ciddi azalmanın olduğunu göstərir.
Həmin ölkələrdə bu cür təcrübənin tətbiqi üç əsas prinsipə əsaslanır:
1. Narkotik istifadəsi cinayət yox, sağlamlıq problemidir;
2. Sərt cəzaların tətbiqindənsə, reabilitasiya tədbirlərinin görülməsi daha effektiv metoddur;
3. Reabilitasiya xərcləri narkotik istifadəçilərinin saxlanılması, istintaqı və həbsinə sərf olunan xərclərdən dəfələrlə azdır.
Dünya təcrübəsində də əks olunduğu kimi, narkotik istifadəçilərinin cəzalandırılmasından çox onların müalicəsinə diqqət yetirilməsi daha effektiv üsul hesab olunur.
Bu səbəbdən də, ölkəmizdə də oxşar metoddan istifadənin narkomaniya bəlasına qarşı mübarizədə daha səmərəli olacağını proqnozlaşdıra bilərik. Yetər ki, cinayət məsuliyyətinin ləğvi ilə birlikdə reabilitasiya məsələsinə də xüsusi diqqət ayrılsın...
Murad Əhmədov, Bizim.Media