
- A-
- A
- A+
Amerikalı müəlliflərin Qarabağ müharibəsi ilə bağlı kitabının təqdimat mərasimi – Foto
Noyabrın 3-də Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və Bakı Kitab Mərkəzinin birgə təşkilatçılığı ilə Qarabağ münaqişəsinin tarixi köklərini, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbənin əsas amillərini təhlil edən “Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə” (“The War for Karabakh: Strategy, Technology, and Victory”) kitabının təqdimat mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə kitabın amerikalı müəllifləri – ABŞ Ordusunun ehtiyatda olan polkovniki Liam Kollinz və mayor Con Spenser nəşrin hazırlanma prosesi, əsas tədqiqat istiqamətləri və gəldikləri nəticələr barədə ətraflı məlumat veriblər. Bildirilib ki, kitab təxminən iki il ərzində hazırlanıb.
Liam Kollinz Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbədə hərbi potensialın gücləndirilməsinin, orduda aparılan islahatların və döyüş qabiliyyətinin artırılmasının mühüm rol oynadığını qeyd edib. Vurğulayıb ki, ordunun effektivliyi yalnız silah sistemlərinin sayından deyil, onların keyfiyyətindən və düzgün tətbiqindən də asılıdır.
O, həmçinin 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin şəhər döyüşlərinə hazırlıqsız olmasının və əks-hücumları düzgün planlaşdıra bilməməsinin onların müdafiə imkanlarını zəiflətdiyini deyib. Azərbaycan Ordusunun sürətli irəliləyişi qarşısında Ermənistan qüvvələrinin daha çox dağlıq ərazilərdə mövqe tutmağa çalışdığını qeyd edib.
Con Spenser isə vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi əməliyyatları yalnız pilotsuz uçuş aparatlarının tətbiqi ilə deyil, mürəkkəb quru əməliyyatları, qoşunların koordinasiyası və düşmənin yanlış istiqamətə yönəldilməsi ilə də səciyyələnib. Qeyd edib ki, xüsusilə genişmiqyaslı aldatma əməliyyatının planlaşdırılması və icrası müasir müharibə təcrübəsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Azərbaycan Ordusu müxtəlif istiqamətlərdə döyüş əməliyyatlarını davam etdirərkən, bəzi hallarda müdafiə xəttini yarmaq mümkün olmadıqda alternativ planlara keçib. Düşməni yanlış istiqamətdə əsas hücumun həyata keçirildiyinə inandırmaq məqsədi daşıyan aldatma əməliyyatı bu baxımdan xüsusi diqqət çəkir.
Qarabağda tətbiq olunan bu yanaşma müasir hərb tarixində aldatma əməliyyatlarının genişmiqyaslı və çoxşaxəli ola biləcəyini göstərir. Əməliyyat düşmənin diqqətini əsas istiqamətdən yayındırmaq, müdafiə qüvvələrinin yerləşməsinə təsir göstərmək və digər istiqamətlərdə hərbi fəaliyyət üçün imkan yaratmaq baxımından əhəmiyyətli olub”, - deyə müəllif əlavə edib.
Təqdimat mərasimindən sonra müəlliflərin iştirakı ilə media brifinqi keçirilib.
Nəşr Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbəyə dair xaricdə hazırlanmış ilk genişmiqyaslı və sistemli hərbi tədqiqatlardan biridir. Araşdırmaya hərbi tədqiqatlar sahəsində ixtisaslaşmış Vest-Point Hərbi Akademiyasının mütəxəssislərinin də cəlb edilməsi əsərin elmi və analitik əhəmiyyətini daha da artırır.
Əsərdə Qarabağ münaqişəsinin tarixi kökləri və Birinci Qarabağ müharibəsindən başlayaraq Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəyə və sonrakı hərbi-siyasi proseslərə qədər geniş dövr əhatə olunur.
Kitabda Azərbaycanın genişmiqyaslı müharibəyə hazırlıq strategiyası (Grand Strategy), “Dəmir Yumruq” əməliyyatı və 44 günlük Vətən müharibəsinin əsas mərhələləri, Hadrut, Əmirvarlı, Füzuli, Zəngilan və Qubadlı rayonları istiqamətində Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar, Şuşa uğrunda döyüşlər, eləcə də 2023-cü ildə keçirilmiş antiterror tədbirləri ayrı-ayrı bölmələrdə təhlil edilir.
Kitabın diqqətçəkən məqamlarından biri Azərbaycanın qələbəsinin yalnız pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə əlaqələndirilməsi barədə geniş yayılmış fikrin tənqidi təhlilidir. Müəlliflər hesab edirlər ki, qələbənin arxasında daha geniş amillər kompleksi – milli güc, dövlət quruculuğu, iqtisadi inkişaf, düzgün hərbi planlaşdırma və müasir döyüş konsepsiyalarının mənimsənilməsi dayanır.
Əsərdə Azərbaycanın hərbi uğurunun əsas səbəblərindən biri kimi “müasir döyüş sistemlərinin tətbiqi” konsepsiyasına dərindən yiyələnməsi göstərilir. Bu konsepsiya mövqelərin maskalanmasını, qüvvələrin səpələnməsini, kiçik bölmələrin manevr imkanlarından səmərəli istifadəni, düşmənin atəş vasitələrinin susdurulmasını və müxtəlif qoşun növlərinin birgə fəaliyyətinin əlaqələndirilməsini əhatə edir.
Tədqiqat təxminən 100 hərbi və mülki mütəxəssislə aparılmış müsahibələrə əsaslanır. Bununla yanaşı, müəlliflər əsas döyüşlərin baş verdiyi ərazilərə səfərlər edərək həmin məkanlarda yerində araşdırmalar aparıblar.
Kitab müəlliflərinin gəldiyi əsas qənaət ondan ibarətdir ki, hərbi qələbə yalnız döyüş meydanında qazanılmır. Belə bir qələbənin əldə olunmasının arxasında milli güc, ardıcıl dövlət və hərbi quruculuq siyasəti, iqtisadi potensial, effektiv kommunikasiya strategiyası və ideoloji fəaliyyət kimi mühüm amillər dayanır.
Kitabda Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin strategiyası, ölkə daxilində və beynəlxalq müstəvidə kommunikasiya fəaliyyətinin fəallığı, eləcə də dezinformasiyaya qarşı mübarizəsi xüsusi vurğulanır.
Qeyd edək ki, müəlliflər kitabın nəşrindən əvvəl 44 günlük müharibə zamanı Hadrut və Şuşa şəhərləri uğrunda döyüşlərin gedişinə dair ətraflı araşdırmalar aparıb və bu mövzuda məqalələr dərc etdiriblər.
Kitabın müəlliflərindən istefada olan polkovnik Liam Kollinz “Madison Policy Forum”un direktoru, “New America” təşkilatının Gələcəyin Təhlükəsizliyi Proqramının baş elmi işçisi və Yaxın Şərq İnstitutunun fəxri hərbi əməkdaşıdır. O, ABŞ Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib və polkovnik rütbəsində ehtiyata buraxılıb. 2016-2018-ci illərdə Ukrayna üzrə ABŞ-nin baş müdafiə müşavirinin icraçı köməkçisi vəzifəsində çalışıb. Prinston Universitetində dövlət idarəçiliyi üzrə magistr və fəlsəfə doktoru elmi dərəcələrini alıb.
Digər müəllif, istefada olan mayor Con Spenser Vest-Point Hərbi Akademiyasının Müasir Müharibə İnstitutunda şəhər döyüşləri üzrə kafedra rəhbəri, həmçinin Şəhər Müharibəsi Layihəsinin həmsədridir. ABŞ Ordusunda 25 ildən artıq xidmət edib və İraqda iki dəfə döyüş əməliyyatlarına qatılıb. O, şəhər döyüşləri üzrə dünyanın aparıcı mütəxəssislərindən biri hesab olunur.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.












































































































