
- A-
- A
- A+
İnsan beyni niyə meymunların beynindən daha böyükdür? - Alimlərin izahı
İnsan beyninin meymunların beynindən daha böyük olmasının səbəbi xüsusi genlər deyil, ortaq genlərin fərqli fəaliyyət mexanizmləridir. Bu qənaətə Almaniyanın Drezden Texniki Universitetinin Regenerativ Terapiyalar Mərkəzinin alimləri gəliblər.
Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc olunub.
Alimlər insan, şimpanze və qorillanın laboratoriya şəraitində yetişdirilmiş beyin modellərini müqayisə ediblər.
Araşdırma zamanı genlərin fəaliyyətini tənzimləyən, DNT-nin təxminən 600 qısa sahəsi müəyyən edilib. İnsanlarda bu genetik “açarların” şimpanze və qorillalarla müqayisədə daha fəal olduğu aşkarlanıb.
Tədqiqatçılar müəyyən ediblər ki, bu sahələrin bir çoxu sinir kök hüceyrələrinin formasına, xüsusilə də onların uzun və şaxələnmiş çıxıntılarının inkişafına təsir göstərir.
Alimlər insan beyin orqanoidlərində belə genlərdən ikisini deaktiv etdikdə hüceyrələrin şaxələnməsi zəifləyib, bəzi hallarda isə neyronların sayı azalıb.
Tədqiqat rəhbəri, professor Mareyke Albertin sözlərinə görə, insan və meymunların genomları demək olar ki, eynidir. Fərq eyni genetik mexanizmlərin fərqli şəkildə tənzimlənməsindədir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































