
- A-
- A
- A+
Çin maşını almaq istəyənlərin diqqətinə - Ən az 2 il gözləyin, risklər var!
Hazırda bütün dünyada bazarı ələ keçirən Çin avtomobil istehsalına deyəsən, göz dəydi. 2026-cı ildə Çin avtomobil şirkətlərinin 30-dan yalnız 3-ü ili mənfəətlə başa vurub. Ekspertlər 2030-a qədər bu şirkətlər arasında kütləvi bağlanmaların olacağını istisna etmir. Belə olduqda isə istər-istəməz qiymətlərdə dəyişiklik olacağı qaçılmazdır. Amma bu dəyişiklik ucuzlaşma, yoxsa bahalaşmaya yol açacaq, bunu hələ indidən demək mümkün deyil.
Çin şirkətləri arasında “ölüm-dirim” savaşı gedir
Avtomobil üzrə ekspert Samir Hacıbalayev mövzu ilə əlaqədar Bizim.Media-ya bildirdi ki, hazırda Çin avtomobil istehsalçıları arasında “ölüm-dirim” savaşı gedir. Aralarındakı güclü rəqabət bir çox istehsalçı şirkəti sıradan çıxaracaq.
Bu isə öz növbəsində avtomobillərin qiymətinə iki fərqli istiqamətdə təsir edəcək:
“Bəzi modellərin qiyməti qısa müddətdə aşağı düşə bilər. Şirkətlər anbarlarda qalan avtomobilləri endirimlə satmağa çalışacaqlar. Rəqiblərdən müştəri cəlb etmək üçün kredit imkanları, müxtəlif kampaniyaları təklif edəcəklər . Buna aldanıb tez Çin maşını almağa tələsməyin. Bundan başqa, tam əksinə özünü təsdiqləmiş, bazarda brend adını qazanmış Çin maşınlarının qiyməti arta bilər. Xüsusilə də bir neçə ilə zəif şirkətlər bazarda duruş gətirə bilməyib sıradan çıxdıqdan sonra yerini qorumuş markaların bahalaşacağı gözlənilir”.
Ekspert əlavə etdi ki, şirkətlərin bəzilərinin sıradan çıxması ehtiyyat hissələri bazarını da vuracaq. Çünki ehtiyat hissələri və servis infrastrukturu zəifləyəcək.
“Ən əsas risklərdən biri bax elə budur. Ona görə də az tanınan Çin avtomobillərini alarkən ehtiyatlı olmaq lazımdır. Şirkət bağlanarsa, ehtiyat hissələrinin tapılması çətinləşəcək. Zəmanət və servis xidmətləri problemə çevrilə bilər. İkinci əl bazarında isə belə avtomobillər əldə qalacaq, satmaq imkanı minimuma düşəcək”.
Mütəxəssis Çin maşınlarının azərbaycanlı heyranlarına tövsiyə etdi ki, ən az 2 il gözləsinlər, 2028-ci ildən sonra çalxalanan Çin avtomobil bazarında “sular durulacaq”. Yalnız ondan sonra rəqabətə davam gətirmiş, ehtiyat və servis xidmətləri əlçatan olan modellərdən seçmək olar.
Şəfiqə Şəfa, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































