Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

Hazırda oxunan: Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

641422

Xəbər verdiyimiz kimi, son günlər həkimlər icbari tibbi sığorta sistemi ilə bağlı narazılıq, şikayətlər edirlər. Həkimlər bu sistemlə onlara çatan məbləğin olduqca az olduğunu qeyd edirlər.
 
İcbari tibbi sığorta ilə həkimlərə əməkhaqqı və ya ödəniş necə hesablanır? Hər həkim üçün faiz dərəcələri fərqli olur? Faiz dərəcələrinin yüksəldilməsi, yaxud hansısa alternativ həll yolu hazırlana bilərmi?

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında suallara cavab olaraq bildirib ki, ölkədə tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin davamı olaraq cari ilin sentyabr ayında TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan 72 mindən artıq səhiyyə işçilərinin əməkhaqlarında növbəti ciddi artımlar edilib.



Onun sözlərinə görə, səhiyyə işçilərinin əməkhaqlarına vəzifə maaşı, əmək şəraitinə görə əlavələr, aylıq sabit ödənişlər, həvəsləndirici əlavələr (bonuslar) və qanunvericilikdə nəzərdə tutulan digər ödənişlər daxildir.
 

"Həvəsləndirici əlavələr (bonuslar) səhiyyə işçilərinə iş nəticələrinə uyğun olaraq ödənilir. Bonusların məbləği təsdiq edilmiş tibbi xidmət tariflərinin müəyyən faizi və göstərilən xidmətlərin sayı nəzərə alınmaqla hesablanır. Bu səbəbdən yüksək tarifli tibbi xidmətlərə görə bonuslar daha çox, aşağı tarifli xidmətlərə görə isə daha az olur. Bildirək ki, icbari tibbi sığorta sistemində göstərilən tibbi xidmətlərin tarifləri qanunvericiliyə uyğun olaraq müəyyən edilir. Bu tariflər üzrə əldə olunan vəsait yalnız səhiyyə işçilərinin əməkhaqqının ödənilməsinə deyil, həmçinin tibbi sərf materiallarının, dərmanların, qidalanma və kommunal xərclərin qarşılanmasına, eləcə də əməliyyatlarda iştirak edən digər personalın əməyinin ödənilməsinə yönəldilir".


O əlavə edib ki, müştərək maliyyələşmə çərçivəsində göstərilən radioloji xidmətlər istisna olmaqla, icbari tibbi sığorta çərçivəsində təqdim edilən tibbi xidmətlərə görə müəyyən edilmiş tariflərdən əlavə ödəniş alınması tamamilə qanunvericliyə ziddir və buna yol verilmir.

"Özəl tibb müəssisələri ilə əməkdaşlığa gəlincə, hazırda Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi 200-dən çox özəl tibb müəssisəsi ilə əməkdaşlıq edir və bu müəssisələrdə xəstə qəbulunun hər hansı formada məhdudlaşdırılması ilə bağlı narahatlıq mövcud deyildir.
Bu müəssisələrdə çalışan səhiyyə işçilərinin əməkhaqqı isə mövcud qanunvericiliyə uyğun olaraq həmin müəssisələrin və burada çalışan səhiyyə işçilərinin qarşılıqlı razılığı əsasında müəyyən edilir".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO