Xəbər verildiyi kimi, oktyabrın 1-də Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə iki müəllim arasında insident baş vermişdi. Mübahisənin dərs bölgüsü ilə bağlı olduğu iddia edilirdi.
Hadisə zamanı müəllimlərdən birinin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.
Şagirdlərin gözü qarşısında baş verən hadisə müəllim davranışı və məktəbdə bu cür insidentlərin yolverilməzliyi ilə bağlı ciddi müzakirələrə səbəb olmuşdu.
Maraqlıdır, məktəbdə mübahisə edən müəllimlər fəaliyyətlərinə davam edirlər?
Məsələ ilə bağlı Ağstafa şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbindən Bizim.Media-nın sorğusuna belə cavab verilib:
"Ağstafa şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində müəllimlər arasında baş verən mübahisə halı ilə bağlı məsələ aidiyyəti üzrə araşdırılıb. Hadisəyə müvafiq qiymət verilib və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Bildiririk ki, təhsilverənlər təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalı, icra və əmək intizamına riayət etməlidirlər", - deyə məktəbin açıqlamasında bildirilib.
Qeyd edək ki, məktəbin açıqlamasında insidentdə iştirak edən müəllimlər barəsində konkret olaraq hansı tədbirlərin görüldüyü açıqlanmayıb.
Eyni zamanda, müəllimlərin fəaliyyətinin dayandırılması və ya işdən kənarlaşdırılması ilə bağlı hər hansı məlumat da verilməyib.
Bu isə onların hazırda pedaqoji fəaliyyətlərini davam etdirib-etdirmədikləri ilə bağlı sual doğurur.
Nəzrin Mirzəyeva, Bizim.Media





























































































