Son günlər Sumqayıt–Pirşağı–Bakı istiqamətində hərəkət edən qatarlarda, xüsusilə səhər saatlarında sərnişin sıxlığının artdığı müşahidə edilir. Sərnişinlər 7:20 reysinin ləğvindən sonra digər reyslərdə sıxlığın və gecikmələrin artdığını bildirirlər.
Bəs sözügedən vəziyyətlə bağlı hərəkət cədvəlinə dəyişiklik edilməsi və ya əlavə qatarların təyin olunması nəzərdə tutulurmu?
Mövzu ilə bağlı ADY-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, son günlərdə xüsusilə pik saatlarda Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarlarda sərnişin sayının bir qədər də artması müşahidə olunur:
"Sərnişinlərin narahatlığını anlayırıq. Mövcud vəziyyət bir neçə amillə bağlıdır. Hazırda şəhərətrafı sərnişindaşıma 9 qatarla 102 reys həyata keçirilir. Sərnişin sayının sürətli artımı fonunda qatar parkının mövcud imkanları əsasən səhər və axşam pik saatlarında daha intensiv istifadə olunur".
Məlumata görə, bununla yanaşı, son illərdə şəhərətrafı dəmir yolu nəqliyyatına tələbat əhəmiyyətli dərəcədə artıb. Gündəlik sərnişin sayı 2024-cü ildə 36 min, 2025-ci ildə 42 min olduğu halda, 2026-cı ilin sentyabrından isə artıq 52 mindən çox təşkil edir. Beləliklə, son iki ildə sərnişin axınında 40 faizdən çox artım qeydə alınıb.
"Sərnişin artımına şəhərin ümumi nəqliyyat sistemində baş verən dəyişikliklər də təsir edir. Məlum olduğu kimi, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı Metropoliteninin Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsinin icrasına başlanılıb.
Xətlərin ayrılması ilə əlaqədar sərnişinlərin bir hissəsinin şəhərətrafı qatarlarla səfərlərə daha çox üstünlük verməsi müşahidə olunur.
Onu da qeyd edək ki, qatarlar əsasən yay aylarında planlı şəkildə əsaslı təmirə cəlb olunur. Bununla yanaşı, müəyyən texniki xidmət və təmir işləri o cümlədən aylıq qaydada həyata keçirilir".
Açıqlamada həmçinin bildirilib ki, sentyabrda tədris ilinin başlaması ilə əlaqədar sərnişin artımı nəzərə alınaraq qatarlardan biri pik saatlarda əlavə reyslərin yerinə yetirilməsinə cəlb olunub.
"Həmin qatar oktyabrın 5-dən təmirə göndərildiyi üçün hərəkət cədvəlində müvəqqəti dəyişikliklər edilib. Texniki xidmət və təmir işləri qatarların təhlükəsiz və etibarlı istismarının təmin olunması baxımından zəruridir. Sərnişin tələbatının artması nəzərə alınaraq şəhərətrafı daşımaların imkanlarının genişləndirilməsi istiqamətində mərhələli şəkildə tədbirlər həyata keçirilir.
Abşeron dairəvi dəmir yolu xəttinin dəyişən cərəyan sisteminə keçidi üzrə işlər başa çatdıqdan sonra dəyişən cərəyan sistemi ilə işləyən qatarların da bu marşrutda istifadəsi mümkün olacaq. Bu, sərnişin tələbatının yüksək olduğu saatlarda əlavə daşıma imkanlarının artırılmasına şərait yaradacaq.
Bununla yanaşı, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində 2030-cu ilədək əlavə 20 sərnişin qatarının alınması üçün işlər görülür.
Nəzərə almaq lazımdır ki, yeni qatarların alınması yalnız satınalma prosedurundan ibarət deyil. Hərəkət tərkibinin texniki tələblərinin müəyyənləşdirilməsi, istehsalı, sınaqları, Azərbaycan dəmir yolu infrastrukturu və enerji sistemlərinə uyğunlaşdırılması, eləcə də istismara qəbul prosesi müəyyən vaxt tələb edir.
Azərbaycan Dəmir Yolları artan sərnişin tələbatını nəzərə alaraq mövcud imkanlardan maksimum səmərəli istifadənin təmin edilməsi, qatar parkının mərhələli şəkildə genişləndirilməsi və pik saatlarda sərnişin sıxlığının azaldılması istiqamətində tədbirləri davam etdirəcək".
Fəridə, Bizim.Media

































































































