INNOLAND rezidenti olan, innovativ təhsil layihəsi Taskool və ABŞ-da fəaliyyət göstərən Main Team Organization LLC arasında əməkdaşlığa dair Memorandum imzalanacaq. İmzalanma mərasimi 1 oktyabr 2027-ci il tarixində INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzində saat 11:00da baş tutacaq.
Əməkdaşlığın əsas məqsədi Taskool tərəfindən həyata keçirilən beynəlxalq SciTech Science & Technology Olympiad layihəsinin Grand Final mərhələsinin Nyu-York şəhərində, ABŞ-da təşkil edilməsidir.
Memorandum çərçivəsində Taskool və Main Team Organization SciTech Olimpiadasının beynəlxalq finalının hazırlanması, təşkilati proseslərin koordinasiyası, tədbirin keçirilməsi və mükafatlandırma mərasiminin təşkili istiqamətində birgə fəaliyyət göstərəcəklər.
SciTech Olimpiadası elm və texnologiyaya marağı olan istedadlı məktəblilərin üzə çıxarılması, onların bilik və bacarıqlarının beynəlxalq səviyyədə nümayiş etdirilməsi və gələcək akademik və innovasiya fəaliyyətlərinə təşviq olunması məqsədi daşıyır.
Taskool-un əsas hədəflərindən biri Azərbaycanın və digər ölkələrin müxtəlif bölgələrində yaşayan istedadlı gənclər üçün beynəlxalq imkanlara çıxış yaratmaq, onların potensialını üzə çıxarmaq və gələcək inkişaf yollarına dəstək olmaqdır.
Main Team Organization ilə əməkdaşlıq SciTech Olimpiadasının beynəlxalq miqyasının genişləndirilməsi və dünyanın aparıcı innovasiya mərkəzlərindən biri olan Nyu-Yorkda Grand Finalın keçirilməsi istiqamətində mühüm addımdır.
Taskool haqqında
Taskool — şagirdlərə fərdiləşdirilmiş praktiki layihələr vasitəsilə bilik və təcrübə qazandıran, onların yaradıcılıq, liderlik və digər fərdi bacarıqlarını inkişaf etdirən təhsil, texnologiya və sahibkarlıq platformasıdır. Platformanın fəaliyyət istiqamətlərinə STEAM layihələri, olimpiadalar, startup proqramları, hakatonlar və şagirdlərin akademik və şəxsi portfelinin inkişaf etdirilməsi daxildir.




Bizim.Media
































































































