Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə, 29 sentyabr 2026-cı il tarixdə, rayon İcra Hakimiyyətinin inzibati binasında 1 oktyabr – Azərbaycan Prokurorluğu İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları İcra Hakimiyyətinin inzibati binasının foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Qubadlı rayon prokuroru Emil Kərimov, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, eləcə də idarə, müəssisə və təşkilat rəhbərlərinin qatıldığı tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Azərbaycan Prokurorluğunun ölkənin ictimai-siyasi və hüquqi həyatındakı mühüm mövqeyindən, zəngin tarixi inkişaf yolundan və dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki rolundan bəhs olunub.
Tədbiri giriş sözü ilə açan Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. O, prokurorluq orqanlarının dövlət müstəqilliyinin qorunması, qanunun aliliyinin və insan hüquqlarının təmin olunması istiqamətində həyata keçirdiyi mühüm fəaliyyəti vurğulayıb. İcra başçısı rayon prokurorluğunun əməkdaşlarının üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirdiklərini qeyd edərək onlara uğurlar arzulayıb.
Daha sonra çıxış edən Qubadlı rayon prokuroru Emil Kərimov prokurorluq orqanlarının keçdiyi inkişaf yolundan danışıb. O, fəaliyyətdə qanunun aliliyi, obyektivlik, ədalət və vətəndaşların hüquqi mənafelərinin qorunmasının hər zaman əsas prioritet olduğunu bildirib.
Tədbirdə digər çıxış edənlər Azərbaycan Prokurorluğunun ölkədə hüquq qaydasının təmin edilməsindəki əvəzsiz xidmətlərindən danışıblar. Çıxışlarda digər qurumlarla prokurorluq əməkdaşları arasında mövcud olan qarşılıqlı səmərəli əməkdaşlığın və əlaqəli fəaliyyətin əhəmiyyəti xüsusi vurğulanıb, gələcək işlərdə yeni nailiyyətlər arzulanıb.
Tədbirin sonunda göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə minnətdarlıq ifadə olunub.
Xidməti vəzifələrini layiqincə yerinə yetirən və səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup rayon prokurorluğu əməkdaşı Qubadlı Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib. Fəxri fərmanları İcra Hakimiyyətining başçısı cənab Malik İsaqov təqdim edərək, təltif olunanlara gələcək fəaliyyətlərində yüksək peşəkarlıq və məsuliyyət arzulayıb.







Bizim.Media






































































































