Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) “Regionlarda kibertəhlükəsizlik məsələləri” layihəsi çərçivəsində əhalinin kibertəhlükəsizlik üzrə maarifləndirmə və hazırlıq səviyyəsinin sorğu əsasında qiymətləndirilməsi aparılıb.
Layihənin məqsədi müxtəlif ərazilərdə mövcud vəziyyəti müqayisəli şəkildə öyrənmək, əsas bilik və davranış boşluqlarını müəyyənləşdirmək və gələcək maarifləndirmə tədbirləri üçün əsaslandırılmış təkliflər formalaşdırmaqdır. Sorğunun əsas məqsədi əhalinin ümumi kibertəhlükəsizlik üzrə hazırlıq səviyyəsini qiymətləndirməklə yanaşı, Bakı şəhəri və regionlar arasında kiber hazırlıq fərqini müəyyən etmək olub.
Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, respondentlərin ümumi kibertəhlükəsizlik hazırlıq indeksi 69,0% səviyyəsində orta göstərici olmaqla yanaşı, regionlarda ciddi geriləmə və hazırlığın aşağı olduğu müəyyən olunub.
Ümumilikdə respondentlərin 21,4%-i aşağı hazırlıq səviyyəsində qiymətləndirilib və regionlar üzrə bu nəticə 40%-ə yaxın olub. Həmçinin, ayrı-ayrı əhali qrupları üzrə nəticələr arasında fərqlər müəyyən edilib. Xüsusilə 60+ yaş qrupu üzrə hazırlıq indeksi 42,0%, internetdən heç istifadə etməyən respondentlər üzrə isə 49,0% olub. Bu nəticələr yaşlı və aşağı rəqəmsal aktivliyə malik əhali qruplarının kiber hazırlığının aşağı olmasını göstərməklə yanaşı, daha sadə, praktik və hədəflənmiş maarifləndirmə yanaşmalarının tətbiqinin əhəmiyyətini göstərir.
Pilot tədqiqat Mingəçevir şəhəri, Bakı şəhərinin Xəzər rayonu, İmişli və Saatlı rayonlarını əhatə edib. Ümumilikdə 730 respondent sorğuda iştirak edib. Tədqiqat əhalinin gündəlik həyatda rastlaşdığı kiber riskləri tanıması, təhlükəsiz davranış seçimi və şübhəli hallarda yardım və müraciət mexanizmləri barədə məlumatlılığı əsasında aparılıb. Nəticələr pilot-diaqnostik xarakter daşıyır və ölkə üzrə tam reprezentativ göstərici kimi deyil, əsas risk və maarifləndirmə istiqamətlərini müəyyən etməyə imkan verən analitik baza kimi qiymətləndirilir. Gələcəkdə bu kimi sorğu və təhlillərin fərqli regionlarda aparılması nəzərdə tutulub.
Sorğuda ən ciddi müəyyən edilmiş bilik boşluğu ikili autentifikasiya ilə bağlıdır: respondentlərin yalnız 21,7%-i bu mövzuda düzgün cavab verib. Bu geniş istifadə olunan mobil tətbiq və elektron poçt şifrələrinin təhlükə altında olduğunu göstərir. Digər mühüm problem vətəndaşların şübhəli zəng və ya mesajla qarşılaşdıqda hara müraciət etməli olduqlarını bilməsi ilə bağlıdır. Respondentlərin yalnız 45,0%-i müvafiq müraciət istiqamətini dəqiq bildiyini göstərib. Bu hər hansı kiber hadisə zamanı insanların necə davranacaqları ilə bağlı ciddi problemin olduğu nümayiş etdirir.
Araşdırma mobil bankçılıq və SMS fişinqi, mesajlaşma tətbiqlərində “təcili pul” tələbi, saxta elektron poçt bildirişləri və uzaqdan giriş proqramlarının quraşdırılması tələbi kimi gündəlik sosial mühəndislik ssenarilərinin maarifləndirmə proqramlarında daha geniş istifadə edilməsinin məqsədəuyğun olduğunu göstərib. Xüsusilə şübhəli keçidlərə daxil olmamaq, təsdiq kodlarını paylaşmamaq, məlumatı yalnız rəsmi kanallarla yoxlamaq və şübhəli əlaqəni dayandıraraq aidiyyəti quruma müraciət etmək əsas təhlükəsiz davranış prinsipləri kimi müəyyənləşdirilib.
Maarifləndirmə kanalları üzrə respondentlərin 36,8%-i telefonla izahı, 21,5%-i televiziyanı, 16,7%-i isə bank və ya xidmət əməkdaşını üstün məlumat mənbəyi kimi seçib. Bu nəticə, xüsusilə regionlarda və yaşlı əhali arasında rəqəmsal kanallarla yanaşı ənənəvi və birbaşa kommunikasiya vasitələrinin də əhəmiyyətini təsdiqləyir.
Hesabatda növbəti mərhələ üçün regionlarda real zəng və mesaj nümunələrinə əsaslanan qısa maarifləndirici sessiyaların keçirilməsi, “Kodunu heç kimə demə”, “Linki açmadan yoxla”, “Şübhəli zəngdə əlaqəni dayandır” kimi sadə təhlükəsizlik mesajlarının geniş yayılması, banklar və xidmət qurumları ilə birgə xəbərdarlıq materiallarının hazırlanması, eləcə də 60+ yaş qrupu üçün xüsusi izah və məlumatlandırma vasitələrinin tətbiqi təklif olunur.
Layihə çərçivəsində əldə olunan nəticələrin gələcəkdə daha geniş coğrafiyanı və müxtəlif sosial qrupları əhatə edən qiymətləndirmələrin hazırlanması, əhalinin kibertəhlükəsizlik üzrə məlumatlılığının dövri ölçülməsi və maarifləndirmə tədbirlərinin nəticəyönümlü şəkildə planlaşdırılması üçün metodoloji baza kimi istifadə edilməsi nəzərdə tutulur. Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Bizim.Media




































































































