Rusiyada Dövlət Dumasına seçkilərin ilk günü yüksək vəzifəli məmurların ailə üzvlərinin bahalı aksessuarları diqqət çəkib. Onlardan birinin səsverməyə təxminən 40 min dollarlıq çanta ilə gəldiyi bildirilir.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, araşdırmaya görə, baş nazirin birinci müavini Denis Manturovun həyat yoldaşı Natalya Manturova seçki məntəqəsinə Fransanın “Celine” brendinin 3600 avro qiyməti olan “Classique Triomphe” çantası ilə gəlib.
“MO”nun araşdırdığı məlumatlara əsasən, Natalya Manturovanın bank hesablarında 160 milyon rubldan çox vəsait saxlanılır. Bunun 124,4 milyon rublunun VTB-də depozitdə olduğu bildirilir. İxtisasca plastik cərrah olan Manturovanın illik gəlirinin 7–50 milyon rubl arasında dəyişdiyi qeyd olunur.
Daha bahalı aksessuarla Tatarıstan rəhbəri Rüstəm Minnixanovun həyat yoldaşı Gülsinə Minnixanova görüntülənib. Onun əlində “Hermès Kelly Cut” modelinin qara timsah dərisindən hazırlanmış çantası olub. Eyni model hazırda “Sotheby’s”də 39 900 dollara təklif edilir. Gülsinə Minnixanova Kazandakı premium SPA və hotel biznesi “Luciano”nun sahibidir və onu idarə edir.
“MO” seçkinin ilk günü Dmitri Medvedevin səsverməyə tək gəlməsinə də diqqət çəkib. Nəşr “Flightradar” məlumatlarına əsaslanaraq yazır ki, həmin vaxt ailəsinin istifadə etdiyi Bombardier Global 5000 təyyarəsi İstanbula uçurdu.
Mənbə sərhəd xidmətinə aid olduğu bildirilən məlumatlara istinadən bu təyyarədən Medvedevin həyat yoldaşı və oğlunun istifadə etdiyini yazır. Bununla belə, onların məhz həmin reysdə olduğu təqdim edilən məlumatlarla qəti təsdiqlənmir.
Bizim.Media


































































































