Evdən çıxıb geri qayıdırıq - Beynimiz niyə etdiyimiz hərəkətləri yadda saxlamır?

Evdən çıxıb geri qayıdırıq - Beynimiz niyə etdiyimiz hərəkətləri yadda saxlamır?

Hazırda oxunan: Evdən çıxıb geri qayıdırıq - Beynimiz niyə etdiyimiz hərəkətləri yadda saxlamır?

637416

Gündəlik həyatda bəzi hərəkətləri o qədər çox təkrarlayırıq ki, bir müddət sonra onları şüurlu şəkildə etdiyimizi belə hiss etmirik. Evdən çıxanda qapını kilidləyirik, qazı bağlayırıq, işığı söndürürük. Lakin bir neçə dəqiqə sonra qapını bağladığımızı, işığı söndürdüyümüzü xatırlaya bilmirik. Əslində burada maraqlı bir psixoloji proses baş verir. Biz həmin hərəkəti etmiş ola bilərik, amma beynimiz onu ayrıca, yaddaqalan bir hadisə kimi qeyd etmir. Təkrarlanan davranışlar zaman keçdikcə daha az şüurlu nəzarət tələb edir və vərdişə çevrilir.

Məhz buna görə də insan bəzən etdiyi hərəkəti “unutmuş” kimi hiss edir. Əslində problem hərəkətin mütləq yaddaşdan silinməsi deyil, həmin anın kifayət qədər diqqət cəlb etməməsidir.

Bəzən gündəlik təkrarladığımız hərəkətləri unutduğumuzu sanırıq. Psixologiyada bunun adı nədir? Yaddaş və vərdişlərin psixologiyası necədir? Yaddaşını itirənlər vərdişə etibar edə bilərlərmi?

Mövzu barədə Bizim.Media-ya fikirlərini bildirən psixoloq Nabat Mirzəyeva deyib ki, bunlar avtomatikləşmiş hərəkətlərdir:
 

“Sanki davranışlar bizim beynimizdə sistemləşib. Bunları avtomatik olaraq etdiyimiz üçün diqqəti həmin hərəkətə yönəltmirik. Bəzən bunu gündəlik həyatda unutmaq kimi qiymətləndiririk.


Lakin əslində insan həmin hərəkəti yerinə yetirir, sadəcə sonradan onu xatırlamaq üçün həmin anda kifayət qədər diqqət ayırmır. Məsələn, evdən çıxarkən qapını bağlamaq və ya qazı söndürmək kimi gündəlik hərəkətləri götürək. Əgər həmin anda telefonla danışırıqsa və ya diqqətimiz başqa bir işə yönəlibsə, qapını bağlamaq, qazı söndürmək kimi hərəkətləri avtomatik şəkildə yerinə yetiririk.

Burada əsas məsələ yaddaşın zəifləməsi deyil. Əsas səbəb həmin anda diqqətin davranışa kifayət qədər yönəldilməməsidir. Diqqətimizi yerinə yetirdiyimiz hərəkətə kifayət qədər ayırdığımız zaman, həmin hərəkəti etdiyimizi daha yaxşı dərk edir və sonradan xatırlamağımız asanlaşır. Bizim şüurlu şəkildə xatırladığımız məlumatlarla təkrar nəticəsində avtomatlaşan bacarıqlarımız fərqli mexanizmlərlə işləyir. Çünki yaddaş daha çox bizim məntiqi və şüurlu şəkildə xatırladığımız məlumatlarla, vərdiş isə təkrar nəticəsində qazandığımız və avtomatlaşan bacarıqlarla əlaqəlidir.
 

Məsələn, oxumaq və yazmaq kimi fəaliyyətlər ilk mərhələdə şüurlu şəkildə həyata keçirilir. Hər hansı bir işin məntiqini anlayaraq, düşünərək yerinə yetirilməsi də şüurlu prosesdir. Lakin həmin davranış təkrarlandıqca tədricən avtomatlaşır və vərdişə çevrilir”.


Bəs yaddaşsızlıqdan əziyyət çəkənlər vərdişə etibar edə bilərlərmi?- sualına müsahibimiz belə cavab verib:

“Əslində, buna tam olaraq bəli demək doğru deyil. Yaddaş problemi olan bəzi insanlarda öyrənilmiş vərdişlər və prosedur yaddaş müəyyən dərəcədə qoruna bilər. Yəni insan əvvəldən yaxşı öyrəndiyi bir hərəkəti onu şüurlu şəkildə xatırladığını hiss etmədən belə yerinə yetirə bilər. Amma bu, yaddaş problemi olan insanın gündəlik həyatında etdiyi vərdişlərə tam etibar edə biləcəyi anlamına gəlmir.

Əgər insan əvvəlki davranışlarını unutmağa başlayırsa, eyni sualı təkrar-təkrar verirsə və gündəlik fəaliyyətlərində nəzərəçarpacaq dəyişikliklər yaranırsa, bunu sadəcə vərdişdir və ya keçicidir kimi qiymətləndirmək düzgün deyil. Belə hallarda mütləq mütəxəssis həkimə müraciət etmək lazımdır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO