“40 dəqiqə avtobus gözləyirik” – 52 nömrəli marşrutla bağlı şikayətə şirkətdən CAVAB

“40 dəqiqə avtobus gözləyirik” – 52 nömrəli marşrutla bağlı şikayətə şirkətdən CAVAB

Hazırda oxunan: “40 dəqiqə avtobus gözləyirik” – 52 nömrəli marşrutla bağlı şikayətə şirkətdən CAVAB

637364

4-cü mikrorayon – 28 May istiqamətində hərəkət edən 52 nömrəli marşrut avtobusunun intervalı sərnişinlərin narazılığına səbəb olub.

Bu barədə Bizim.Media-ya ərazidə yaşayan və həmin marşrutdan mütəmadi istifadə edən sərnişinlər tərəfindən şikayət daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Sərnişinlərin səbrini sınayan marşrutlar - 193 və 211 nömrəli avtobuslar niyə gecikir?


Sərnişinlərin sözlərinə görə, 52 nömrəli avtobusun hərəkət intervalı bəzi hallarda 40 dəqiqəyə qədər uzanır.

Onlar bildirirlər ki, problem yalnız səhər və axşam saatlarında müşahidə olunan sıxlıqla məhdudlaşmır. Avtobusların uzun müddət ərzində dayanacaqlara gəlməməsi günün müxtəlif saatlarında sərnişinlərin ciddi vaxt itkisi ilə üzləşməsinə səbəb olur.

Şikayətçilərin sözlərinə görə, xüsusilə işə və dərsə gedən, eləcə də gün ərzində ictimai nəqliyyatdan istifadə edən sərnişinlər uzun müddət dayanacaqda gözləməli olurlar. Marşrut üzrə avtobusların intervalının qeyri-sabit olması isə sərnişinlərin gündəlik planlarına da təsir göstərir.
 

Sərnişinlər aidiyyəti qurumlardan məsələyə diqqət göstərilməsini, 52 nömrəli marşrut üzrə avtobusların hərəkət qrafikinin optimallaşdırılmasını və intervalın azaldılmasını xahiş edirlər.


Məsələylə əlaqədar marşrutun məxsus olduğu “Xaliq Faiqoğlu” MMC-yə müraciət etdik. Şirkətin mətbuat katibi Nizam Rzayev Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda xətt üzrə interval 20 dəqiqə təşkil edir: 

“52 saylı müntəzəm marşrut xətti üzrə avtobusların sayı yeni dərs ilinin başlanması ilə daha 3 ədəd artırılıb. Günün bəzi saatlarında müşahidə edilən sıxlıq və tıxaclar, hərəkətin məhdudlaşması və digər texniki səbəblərdən bəzən interval pozulmaları və gecikmələr müşahidə edilir”, - deyə açıqlamada qeyd edilib.

Şirkət rəsmisi 20 dəqiqəlik intervalın azaldılacağı barədə məsələyə isə toxunmayıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO