“Dərdi paylaşdıqca azalar”, deyir atalar, elə psixoloqlar da onlara qoşulub bu fikri təsdiqləyirlər. “İçində saxlama. Yaşadıqlarını danış ki, yüngülləşə biləsən” bu cümlələr faciəvi, kədərli həyat təcrübələri olan, bununla baş edə bilməyən insanlara mütəxəssislər tərəfindən tez-tez verilən tövsiyələrdir.
Lakin bu “pulla tutulan dostlar”, yəni psixoloqlar bəzən etiraf edirlər ki, travma haqqında danışmaq və onu fizikən olmasa da zehni olaraq təkrar yaşamaq deməkdir. Üstəlik, bəzən baş verənləri ətraflı təsvir etməyə çalışmaq rahatlamağa deyil, həmin dəhşətli anlara qayıtmağa gətirib çıxarır.
Retravma nədir?
Psixoloq Yuliya Mansurova bildirir ki, travmatik hadisə yaşamış biri acı xatirələrini danışmağa tələsməməlidir:
“Belə insanlar özünü təhlükəsiz hiss etmədən dərdini paylaşmamalıdır. Çünki zehinlə bərabər bədən də aldığı zədələri xatırlayır. Hadisənin üzərindən çox keçmədən sağalmaq əvəzinə, yenidən şoka səbəb olur. Buna psixologiyada retravma deyilir. Yənin travmanın təkrar yaşanması. Xüsusilə də peşəkar mütəxəssis olmayan, dost-tanış, qonşu və s. kimi uyğunsuz söhbət tərəfdaşları tapmaq daha zərərlidir. Belə insanlar pis məsləhət verirlər, ya qorxudurlar, ya da tam tərsi – “qorxularının üzərinə get”, deyirlər”.
Psixoloq əlavə etdi ki, travmalı insanlar adətən emosiyaları “boşaltdıqdan” sonra utanc və daha da böyük həssaslıq hiss edirlər. Çox vaxt hər şeyi danışdıqlarına görə peşman olurlar, rüsvay olacağını düşünüb özlərini təcrid edirlər. Bu da onları daha böyük depressiyaya gətirib çıxarır.
Başqasının travmasına şahidlik edənlər daha böyük risk altındadırlar
Məsələnin digər tərəfi isə yüksək empatiya səviyyəsinə malik insanların risk altında olmasıdır. Bunu isə şərti olaraq “şahid travması” adlandırırlar. Çünki başqalarının travmasına şahidlik edir:
“Xüsusilə həssas təbiətə malik olan adamlara yaşanmış dəhşətli hadisələri, qorxunc mənzərələri detalları ilə təsvir edəndə o insan da psixoloji olaraq onu yaşamış olur, söhbət bitəndən sonra da günlərlə özünə gələ bilmir. Bu pis təcrübəni özünün də yaşayacağını beyninə yeridir. Halbuki baş verənlərin əsl təcrübəçisi o deyil, o sadəcə travmanın müşahidə edir və ya haqqında eşidir. Təxəyyülü isə baş verənlərin mənzərəsini qurur, hətta daha fəlakətli şəkildə ssenariləşdirir”.
Başqa sözlə, real travmatik təcrübələr yaşamış insanlar çox ciddi təhlükə yaşamış olsalar da, hadisə zaman və məkanda bitir. “Şahid travması” isə bitməyə, psixikada sonsuza qədər təkrarlana bilər.
Şəfiqə Şəfa, Bizim.Media







































































































