Paşinyan Ermənistanın “gizli xəritə”sini AÇDI – Qonşu ölkələrlə bağlı nə qeyd olunub?

Paşinyan Ermənistanın “gizli xəritə”sini AÇDI – Qonşu ölkələrlə bağlı nə qeyd olunub?

Hazırda oxunan: Paşinyan Ermənistanın “gizli xəritə”sini AÇDI – Qonşu ölkələrlə bağlı nə qeyd olunub?

632302

Ermənistan hökuməti 2026-2031-ci illər üçün fəaliyyət proqramının layihəsini hazırlayıb.

Layihədən aydın olur ki, yaxın illərdə Ermənistan hökuməti Azərbaycanla sülhü rəsmiləşdirmək, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq, AB, ABŞ, İran, Gürcüstanla strateji əlaqələr və Rusiya ilə hərtərəfli əlaqələr qurmaq niyyətindədir.

Nəzərə alaq ki, Baş nazir Nikol Paşinyanın hökumət iclasında təqdim etdiyi proqram layihəsi tezliklə təsdiq üçün parlamentə göndəriləcək.

Azərbaycanla münasibətlərdə tutulacaq xətt

Proqramın xarici siyasət bölməsində qeyd olunur ki, hökumət Azərbaycanla sərhədlərin delimitasiyası, eləcə də Azərbaycanla sülhün institusionallaşdırılması (yəni sülh müqaviləsi və digər hüquqi aktların imzalanması) və iki ölkədə vətəndaş cəmiyyəti və işgüzar dairələr arasında əlaqələrin intensivləşdirilməsi üzərində işləməyə davam edəcək.

Məlumdur ki, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına əngəl olan mühüm amil var ki, onlardan da biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır.

Maraqlıdır ki, Ermənistan hökumətinin qarşıdakı illər üçün prioritetlərindən biri də məhz Konstitusiyaya zəruri dəyişikliklərin edilməsidir.

"Yeni konstitusiya təkcə hüquqi sənəd deyil, həm də Ermənistan xalqının dövlətin gələcəyi, daxili və xarici münasibətlərin fundamental prinsipləri ilə bağlı vahid siyasi razılığına çevrilməlidir. Yeni Konstitusiya qanunun aliliyinə əsaslanan dövlətin qurulmasına, demokratiyanın və ictimai etimadın dərinləşməsinə, eləcə də dövlətin uzunmüddətli davamlı inkişafına kömək etməlidir. Ermənistanın yeni Konstitusiyasının layihəsi yekunlaşdırılacaq və ictimai və peşəkar müzakirəyə təqdim ediləcək və onun referenduma təqdim edilməsi üçün addımlar atılacaq", - hökumətin saytında dərc olunmuş sənəddə deyilir.

Sənədə əsasən həmçinin, sülhün institutsionallaşdırılması və möhkəmləndirilməsi məqsədilə hökumət "Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişin imzalanması və ratifikasiyası, Azərbaycanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlərin davam etdirilməsi, eləcə də Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətləri, işgüzar dairələri arasında təmasların və ikitərəfli ticarətin fəallaşdırılması üzrə işləri davam etdirəcək.

Fəaliyyət proqramının müzakirəsi zamanı baş mazir Nikol Paşinyan etiraf edib ki, Bağanıs Ayrım, Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistan ərazisi deyil:

“Məsələ həll olunmalıdır, lakin hərbi seçim olmadan: bu, keçmişin bağlanmış bir fəslidir. Hər iki tərəf, o cümlədən insanlar üçün əlverişli olan həll yolu tapılmalıdır".

Qonşu dövlətlərlə münasibətdə prioritetlər
 

Hökumət Türkiyə ilə diplomatik münasibətlər qurmağı və sərhədi ən qısa zamanda açmağı hədəfləyir. Bunun üçün ən azı iki müasir keçid məntəqəsi ilə açmağı (onlardan biri, Armavir bölgəsindəki Markara keçid məntəqəsi, hazırda Ermənistan tərəfində hazırdır), eləcə də enerji infrastrukturunu yenidən aktivləşdirməyi planlaşdırır.


İranla strateji münasibətlərin dərinləşdirilməsi, siyasi dialoqun davam etdirilməsi və iqtisadi əlaqələrin, xüsusən də enerji sektorunda gücləndirilməsi planları var. Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizinin inkişaf etdirilməsi planları da qeyd olunur.

Gürcüstanla münasibətlərə gəldikdə, 2024-cü ilin yanvar ayında imzalanmış və müxtəlif sektorlarda əməkdaşlığı nəzərdə tutan strateji tərəfdaşlıq bəyannaməsinin icrası müzakirə olunur.

Həmçinin sənəddə Avropa İttifaqı və ABŞ ilə strateji tərəfdaşlığın dərinləşdirilməsindən bəhs olunur. Aİ ilə Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişinin həyata keçirilməsi, eləcə də 2025-ci ildə qəbul edilmiş "Ermənistanın Avropa İttifaqına qəbul prosesinin başlanması haqqında" qanuna əsasən Aİ-nin iqtisadi, hüquqi və sosial standartlarına uyğunluğun artırılması üzrə işlərin davam etdirilməsi planlaşdırılır.

Aİ ilə viza liberallaşdırılmasının da başa çatdırılması planlaşdırılır. ABŞ ilə TRIPP layihəsinin dəmir yollarının və enerji infrastrukturunun ən azı bəzi aspektlərini əhatə etməsi, eləcə də iki hökumət tərəfindən 2025-ci ilin avqust ayında imzalanmış memorandumlar əsasında əməkdaşlığın inkişaf etdirilməsi planlaşdırılır.
 

Fransa ilə strateji tərəfdaşlığın dərinləşdirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılması xüsusi qeyd olunur. Nazirlər Kabinetinin proqramında regionda yeni sülh şəraitində Rusiya ilə (strateji olaraq təyin olunmamış) müxtəlif və qarşılıqlı faydalı tərəfdaşlığın yenidən təşkili və dərinləşdirilməsindən bəhs olunur. Avrasiya İttifaqına gəldikdə isə, proqram birliyin fundamental prinsiplərinin, yəni kapitalın, malların, xidmətlərin və işçi qüvvəsinin sərbəst hərəkətinin effektiv şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayır.


Proqramda Çinlə strateji tərəfdaşlığın, Hindistanla tərəfdaşlığın gücləndirilməsi və Yaxın Şərq ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi niyyəti qeyd olunur.

Maraqlı məqamlardan biri odur ki, Ermənistanın Silahlı Qüvvələri beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda yerləşdirilməyəcək. Peşəkar orduya keçid siyasəti davam etdiriləcək. Silahlı Qüvvələrin Ehtiyatının gücləndirilməsi prosesi davam etdiriləcək, sərhəd qoşunları tərəfindən sərhəd mühafizəsinə tədricən keçid olacaq. Yeni biometrik pasportlarla sərhəd keçidləri genişləndiriləcək.

Kilsə necə zərərsizləşdiriləcək?

Milli təhlükəsizlik kontekstində ərzaq ehtiyatlarının genişləndirilməsi, onların şaxələndirilməsi və konkret təchizatçılardan asılılığın azaldılması da planlaşdırılır.

Proqrama həmçinin "Mənəvi Təhlükəsizlik" bölməsi də daxildir. Bu bölmədə xarici qüvvələrin Erməni Apostol Kilsəsini- EAK hibrid müharibə alətinə çevirmək cəhdlərinin qarşısının alınması, eləcə də Kilsənin faktiki rəhbərinin (katolikos II Qaregin nəzərdə tutulur) vəzifədən kənarlaşdırılması (təqaüdə çıxarılması) yolu ilə Kilsənin təkmilləşdirilməsi məsələləri müzakirə olunur. Həmçinin, Kilsə Nizamnaməsinin qəbul edilməsi zərurəti də qeyd olunur ki, bu da EAK-ın maliyyə şəffaflığını və ruhanilər üçün davranış qaydalarını müəyyən etməlidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO