Kişiyə pis VƏRDİŞ, qadına AYIB - Siqaretə münasibət niyə cinsə görə dəyişir?

Kişiyə pis VƏRDİŞ, qadına AYIB - Siqaretə münasibət niyə cinsə görə dəyişir?

Hazırda oxunan: Kişiyə pis VƏRDİŞ, qadına AYIB - Siqaretə münasibət niyə cinsə görə dəyişir?

632153

Bir qadının əlində siqaret görəndə ilk düşündüyümüz şey nədir? Onun sağlamlığı, yoxsa əxlaqı? 

Maraqlıdır ki, siqaret kişidə çox vaxt sadəcə zərərli vərdiş kimi qəbul edilir, qadında isə eyni hərəkətə cəmiyyət dərhal başqa mənalar yükləyir. Qadın siqaret çəkəndə isə çox vaxt onu əxlaqsızlıqda qınayırlar. Beləcə, tibbi məsələ bir anda əxlaq göstəricisinə çevrilir.
 

Azərbaycanda qadınlar arasında siqaret istifadəsinin rəsmi statistikası belədir: təxminən 0,2%. Bu da təqribi hesablamalara görə 8-9 min qadın edir. Amma o da bəllidir ki, rəsmi statistika görünənlər üzərində aparılır, nəzərə alsaq, qadınların çoxu alınlarına vurulacaq damğanın qorxusundan gizli siqaret çəkir, o zaman bu statistikanın həqiqəti əks etdirmədiyini anlayırıq.


Ümumiyyətlə, statistik rəqəmlərin tək siqaret məsələsində deyil, ümumi vətəndaş vəziyyələrində, sosial durumlarda həqiqətdən uzaq olmasının səbəbi insanların sorğu zamanı çox zaman dürüst davranmamasına görədir. Konkret olaraq, siqaret çəkən qadın adının ləkələnəciyini düşünürsə, bunu necə rahatlıqla etiraf etsin?

Müşahidələr göstərir ki, kafe-restoranlarda, başqa ictimai məkanda cəsarətlə siqaret çəkən qadınla bunu gizlədən qadın eyni sosial münasibətlə qarşılaşmır. Birincisi mühakimə olunur və avtomatik olaraq “yüngül həyat tərzi” ilə əlaqələndirilir. İkincisi isə siqaretini gizlətdiyi üçün cəmiyyətin gözündə “əxlaqlı” olaraq qalır. Beləliklə, paradoks yaranır: siqaretin özü yox, onun görünməsi qadının əxlaqının ölçüsünə çevrilir. Ona görə də siqaret artıq qadının intim həyatının bir hissəsinə çevrilir: bağlı pərdələr arxasında bunu etməli olur.

Siqaretin qadın üzərində niyə əxlaq yükü var?

Qadın haqqında cəmiyyətin formalaşdırdığı “ideal obraz” həmişə müəyyən davranış qaydaları ilə müşayiət olunub. Qadın necə geyinməlidir, necə danışmalıdır, kimlə oturmalıdır, hansı məkana getməlidir, nə içməlidir, necə danışmalı, necə gülməlidir - bütün bunlar onun şəxsi seçimindən daha böyük sosial məsələyə çevrilir.

Halbuki siqaretin zərərli olması onun qadın və ya kişi tərəfindən çəkilməsindən asılı deyil. Nikotinin zərəri cinsə görə dəyişmir. Məsələ mübarizədirsə, o zaman metodu yanlışdır: qadına “siqaret çəkmə, ayıbdır” demək bir şeydir, “siqaret çəkmə, bu sənin sağlamlığına zərər verir” demək isə tamam başqa.

“Qadından kül iyi yox, gül iyi gələr”

Bu ifadə təkcə qoxu məsələsi deyil. O, qadından gözlənilən davranışların necə ideallaşdırıldığını göstərir: qadını bir insan kimi ətdən-qandan, duyğulardan, seçimlərdən, yanlışlardan ibarət olduğunu unudub onu bütləşdirmək, əxlaq, namus, toxunulmaz əzabkeş heykəlinə çevirib sitayiş etmək yüzillərin dəyişməz qanunu olsa da, son onillər özünün ən absurd dönəmini yaşayır.
 

Və burda həmin “bütpərəst”lərə suallar yağdırmaqdan özünü saxlaya bilmirsən: bəs niyə qadının çarəsizlikdən, məhrumiyyətdən gün ərzində işləməkdən tər qoxumasını normal qəbul edirsən, amma kül qoxusu dərhal ikrah yaradır? Niyə ailəvi məclisdə alkoqol qəbul etmiş qadının üzərindəki spirt qoxusu eyni dərəcədə böyük sosial problemə çevrilmir?


Əlbəttə, heç bir xoşagəlməz qoxunu sevmək məcburiyyətində deyilik. Siqaret tüstüsünün başqalarına da təsir etməsi ayrıca və ciddi məsələdir. Xüsusilə də tənəffüs sistemi problemi olanlar üçün siqaret, qəlyan tüstüsü dözülməz bir haldır. Amma bir insandan gələn qoxunu bəyənib-bəyənməməklə, ona mənəvi, əxlaqi məna yükləmək eyni şey deyil.

Mübarizə üsulu dəyişməlidir

Siqaretə qarşı mübarizə aparmaq lazımdır. Xüsusilə yeniyetmələrin tütünə başlamasının qarşısını almaq vacibdir. Ancaq bunun üçün yeniyetmə qıza “qız uşağına yaraşmaz, el-aləm nə deyər?” kimi çəkindimə metodu faydadan çox zərər verə bilər.
 

Təsəvvür edək ki, yeniyetmə qıza siqaret çəkmək yalnız “ayıb” olduğu üçün qadağan edilir və o öz ölkəsinin qaydalarına əməl edərək siqaretdən uzaq durur, gələcəkdə başqa ölkədə təhsil alarkən orada qadınların siqaret çəkdiyini, bunun sosial baxımdan qeyri-adi hesab edilmədiyini görür.


Əgər onun beynində siqaretin əsas problemi “ayıb olması” kimi formalaşdırılıbsa, həmin sosial qadağa aradan qalxanda siqaretə münasibəti də avtomatik olaraq dəyişəcək. Halbuki ona əvvəldən siqaretin nikotin asılılığı yaratdığı, ağciyərlərə və ürək-damar sisteminə zərər verdiyi, dərinin qocalmasını sürətləndirə bildiyi izah edilsəydi, nəinki başqa ölkədə, hətta başqa planetdə də siqaretə yanaşması dəyişməzdi.

Bu məsələnin ən maraqlı tərəflərindən biri də tarixi yanaşmadır.

Qadınların siqaret çəkməsi yeni hadisə deyil. XX əsrin müxtəlif dövrlərində qadınların siqaret çəkməsi Qərbdə olduğu kimi Azərbaycanda da var idi. Düzdür, Bakı kimi böyük şəhərdə o vaxt da siqaret qadın azadlığının, müstəqilliyin və müasirliyin simvolu kimi təqdim edilirdi. Amma bölgələrdə bu azadlıqdan uzaq olan neçə-neçə yaşlı qadın məmnuniyyətlə acı tüstünü ciyərlərinə çəkirdi.
 

Yalnız sonrakı illərdə siqaret və qadın sözlərini bir araya gətirmək təhqir kimi qəbul edilməyə başladı. Çox qəribədir: qadının geyimi dəyişdi, açıq-saçıqlaşdı, tək yaşaması, tək səyahət etməsi, münasibətlərini özü seçməsi, ictimai həyatda daha sərbəst davranması adiləşdi, hətta boşanması üzərindəki “ayıb” etiketi düşdü, bir tək siqaretlə ulduzu barışdırılmadı.


Bunu müxtəlif səbəblərlə: müsəlmançılıq, türkçülüklə əlaqələndirdilər, amma səmimi olmadıqları özlərinə də aydındır. Dünyanın ən böyük müsəlman ölkələrindən olan, türkçülüyün başında gələn Türkiyədə son statistik göstəricilərə görə hər 4 qadından biri siqaret çəkir, Azərbaycanda isə təxminən hər 600 qadından biri.

Statistika demişkən onu da qeyd edək ki, Azərbaycanda 15 yaşdan yuxarı əhalinin 15,4 faizi siqaret istifadəçisidir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 15-19 yaş qrupunda bu göstərici 0,3 faiz, 20-44 yaş arasında 15,3 faiz, 45-64 yaş arasında 21,4 faiz təşkil edir. 65 yaş və yuxarı əhali arasında isə siqaret çəkənlərin payı 14,9 faizdir. Siqaret istifadəçilərinin 96,1 faizi hər gün, 3,9 faizi isə arabir siqaret çəkir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO