Uzun illərdir Azərbaycanda dərsliklərin keyfiyyəti, xüsusilə də hər tədris ili öncəsi gündəmə gətirilir. Əsasən də dərsliklərdə dil üslubu, mətnlərində rast gəlinən qrammatik, fonetik qüsurlar həm valideynlərin, həm də dilçilərin narazılığına səbəb olur, ictimai tənqidinə tuş gəlirdi. Ələlxüsus da şagirdlərin dilinə düşməyi, sosial şəbəkələrdə gülüş hədəfi olmağı təhsil sisteminə heç də başucalğı gətirmirdi.
Hazırda vəziyyət necədir? Yeni nəsil dərsliklər hazırlanarkən əvvəlki problemlər nəzərə alınıbmı, yoxsa Azərbaycan məktəblisinin qarşısına hələ də dil baxımından qüsurlu mətnlər çıxır?
Ümumulikdə problem tam aradan qaldırılmayıb, hər halda həll edilmiş olsaydı dərsliklərin dil və üslub qüsurlarına görə ayrıca ekspertizası aparılmazdı. Məsələn, 2025-ci ilin oktyabrında Elm və Təhsil Nazirliyi dərsliklərin Azərbaycan və rus dillərində dil-üslub baxımından qiymətləndirilməsi üçün ayrıca ekspert xidmətləri üzrə müsabiqə elan edib. Bu da, problemin yalnız keçmişdə qalmadığını və dil redaktəsinin ayrıca nəzarət predmeti olduğunu göstərir.
Dilimizə nə qədər düzgün yanaşılır?
Amma müsbət istiqamətdə nəzərə çarpan dəyişiklikləri də inkar etmək doğru olmazdı. Üstəlik yeni dərsliklər artıq əvvəlcədən ictimai müzakirəyə çıxarılır. 2024-2025-ci illərdə I, V və IX siniflər üçün yeni və təkmilləşdirilmiş dərslik layihələri ictimaiyyətin rəyinə təqdim edilmiş, irad və təkliflərin göndərilməsi üçün ayrıca kanal yaradılmışdı.
Həmçinin yeni dərsliklərin pilot istifadəsi aparılır: 2024/25-ci ildə 150-dən çox məktəbdə yeni dərslik komplektləri sınaqdan keçirilib və müəllimlərlə şagirdlərin rəyləri toplanıb. Yenilənmiş Azərbaycan dili kurikulumunda orfoqrafiya, orfoepiya, fonetik qanunauyğunluqlar, morfologiya, sintaksis və üslubi məsələlər ayrıca standartlaşdırılıb. Yəni ən azı nəzəri və kurikulum səviyyəsində dil normalarına əvvəlkindən daha sistemli yanaşma var.
Dərsliklərdəki səhvləri çapa qədər kimlər və hansı meyarlara əsasən aşkarlayır, səhvlərə görə məsuliyyəti kim daşıyır?
Dərsliklərin hazırlanması isə müxtəlif müəllif və nəşriyyatların iştirakı ilə həyata keçirilir. Azərbaycanda dərsliklərin yoxlanması və qiymətləndirilməsi bir neçə mərhələdə aparılır. Öncə müəlliflər qrupu tərəfindən dərslik layihəsi hazırlanır, daha sonra məzmunun elmi cəhətdən düzgünlüyü, yaş səviyyəsinə uyğunluğu və metodik tərəfləri yoxlanılır, ardınca ekspertlər tərəfindən qiymətləndirilir – dərslikdə səhvlər, uyğunsuzluqlar, terminlər, tapşırıqlar nəzərdən keçirilir. Əgər bu mərhələdə ekspertlərin iradları yaranarsa müəlliflərə çatdırılır və dərslik yenidən işlənir. Ən axırda son variant təsdiqlənir və çapa göndərilir.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin hesabatına görə 2025-2026-cı tədris ili üzrə 49 adda dərslik və metodik vəsaitin hazırlanması/təkmilləşdirilməsi aparılıb, ümumilikdə 302 adda, 6 milyondan çox nüsxə dərslik çap edilərək məktəblərə çatdırılıb.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:00 / 18.08.2026
Dərsliklər dəyişdi, bəs nöqsanlar? – Tədris materialları YENİDƏN GÜNDƏMDƏ
Hazırda oxunan: Dərsliklər dəyişdi, bəs nöqsanlar? – Tədris materialları YENİDƏN GÜNDƏMDƏ
Hazırda oxunan: Dərsliklər dəyişdi, bəs nöqsanlar? – Tədris materialları YENİDƏN GÜNDƏMDƏ
631628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































