Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO

Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO

Hazırda oxunan: Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO

630335

Azərbaycanda sürücüsüz, yəni avtonom nəqliyyat vasitələrinin istismarı üçün hüquqi baza yaradılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov məlumat verib.
 

Onun sözlərinə görə, ölkəyə gətiriləcək və istismar olunacaq avtonom nəqliyyat vasitələrinin üzərində xüsusi nişan olacaq.

Ekspert bildirib ki, bununla bağlı qanunvericiliyə artıq dəyişikliklər edilib:

"Artıq "Ticarət Gəmiçiliyi Məcəlləsi", "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Aviasiya haqqında" və "Avtomobil nəqliyyatı haqqında" qanunlara müvafiq dəyişikliklər edilib və Prezident tərəfindən təsdiqlənib. Bu da o deməkdir ki, avtonom, nəqliyyat vasitələrinin ölkəmizdə istismarı üçün qanuni baza yaradılıb".

E.Cəfərovun sözlərinə görə, yeni qaydalarda "avtonom nəqliyyat vasitələrinin operatoru" anlayışı da müəyyənləşdirilir:

"Operatorun hansı vəzifəni həyata keçirəcəyi müəyyənləşdirilir. Həmçinin Məsafədən İdarəetmə Mərkəzi yaradılacaq və onlara xüsusi lisenziyalar veriləcək. Bu mərkəzlər Azərbaycanda olan avtonom nəqliyyat vasitələrinin idarə olunmasını təmin edəcəklər".

Ekspert qeyd edib ki, sürücüsüz nəqliyyat vasitələri yalnız əvvəlcədən razılaşdırılmış marşrutlar üzrə hərəkət edə biləcəklər.

Onun sözlərinə görə, bu texnologiyadan iqtisadiyyatın və nəqliyyat sektorunun müxtəlif sahələrində istifadə etmək mümkündür:

"Avtonom nəqliyyat vasitələri dedikdə yalnız fərdi avtomobillər nəzərdə tutulmur. İctimai nəqliyyatda, taksilərdə, avtobuslarda, yükdaşımada da bu cür nəqliyyat vasitələrindən istifadə oluna bilər. Gəmiçilik və aviasiyada da tətbiqi mümkündür. Məsələn, aeroportlarda yükdaşıma sahəsində, dəmir yolunda və gələcəkdə Bakı Metropolitenində də avtonom qatarların istifadəsi mümkün ola bilər".

E.Cəfərov bildirib ki, Azərbaycan bu istiqamətdə xarici təcrübədən də yararlanır.

"Avtonom nəqliyyat vasitələri dünyada artıq istifadə olunur. Məsələn, ABŞ-də taksi xidmətlərində bu cür nəqliyyat vasitələri çalışır. Çinin bəzi bölgələrində fərdi nəqliyyat vasitələri sürücüsüz şəkildə istismar olunur. Almaniyada yükdaşıma sahəsində sürücüsüz yük nəqliyyat vasitələri bir şəhərdən digərinə yük çatdırır. Estoniyada isə kuryer xidmətində pilotsuz və sürücüsüz nəqliyyat vasitələrindən istifadə edilir", - deyə ekspert vurğulayıb.

Ekspert əlavə edib ki, Azərbaycanda istismar olunan avtonom nəqliyyat vasitələrinin üzərinə xüsusi stikerlərin yapışdırılması məcburi olacaq. Onun sözlərinə görə, "Avtonom nəqliyyat vasitəsi" nişanı nəqliyyat vasitəsinin görünən hissəsində yerləşdiriləcək:


"Bu nişan nəqliyyat vasitəsinin ön və ya arxa şüşəsinə yapışdırıla bilər. Beləliklə, digər hərəkət iştirakçıları avtomobilin avtonom rejimdə hərəkət etdiyini əvvəlcədən görə biləcəklər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO