Azərbaycanda fəaliyyət göstərən bir çox KFC restoranlarında kombo menyuların (bir neçə məhsulun paket şəklində verilməsi) satışı müvəqqəti dayandırılıb. Buna səbəb kimi kartof çatışmazlığının göstərilməsi ölkənin kartof təminatı ilə bağlı sualları gündəmə gətirib. Kartof Azərbaycanda ən çox istehlak olunan ərzaq məhsullarından biridir, həm məişətdə, həm də ictimai iaşə sektorunda geniş istifadə olunur.
Lakin ölkədə hər il yüz minlərlə ton kartof istehsal edilsə də, mövsümdənkənar dövrlərdə və bəzi kartof növləri üçün idxaldan asılılıq qalmaqdadır. Ona görə də ölkə xaricində gedən hər hansı proses məhsul qıtlığına səbəb ola bilər ki, bu da iri restoran şəbəkələrinin işinə təsirsiz ötüşmür.
Bəs Azərbaycanın kartofa illik tələbatı nə qədərdir? Daxili istehsal bu tələbatı ödəməyə kifayət edirmi?
Mövzu barədə Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, ölkədə kartofa olan tələbatın 90 faizdən çoxu yerli istehsal hesabına qarşılanır. Yalnız təxminən 5-10 faizlik hissə idxal olunur. Azərbaycana kartof daha çox İran və Türkiyədən gətirilir. Başqa sözlə, ölkənin kartof təminatında əsas yük yerli istehsalın üzərinə düşür, idxal isə daxili bazarın əlavə tələbatını qarşılamaq üçün istifadə olunur.
Ölkədə kartof çatışmazlığı var?
Qeyd edək ki, Azərbaycanda kartof istehsalında əvvəlki illərlə müqayisədə azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ölkə üzrə təxminən 874,8 min ton kartof istehsal edilib. Bu göstərici 2024-cü illə müqayisədə aşağıdır. Belə ki, 2024-cü ildə Azərbaycanda 892,3 min ton kartof yığılıb. Yəni bir il ərzində istehsal təxminən 17,5 min ton azalıb.
Azalma cari ilin ilk aylarında da davam edib. 2026-cı ilin yanvar-aprel aylarında ölkədə 45,8 min ton kartof istehsal olunub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 11,9 faiz azdır.
Günay Şahmar, Bizim.Media





































































































