LƏNƏTLƏNMİŞ FİLMLƏR - Aktyor heyətinin faciələrlə üzləşdiyi 10 ekran əsəri

LƏNƏTLƏNMİŞ FİLMLƏR - Aktyor heyətinin faciələrlə üzləşdiyi 10 ekran əsəri

Hazırda oxunan: LƏNƏTLƏNMİŞ FİLMLƏR - Aktyor heyətinin faciələrlə üzləşdiyi 10 ekran əsəri

622226

Dünya kinosu tarixində haqqında ən çox müzakirə aparılan mövzulardan biri də “lənətlənmiş filmlər”dir. Bu siyahıda əsasən qorxu filmləri yer alsa da, digər janrlara aid ekran əsərləri də var. Onları birləşdirən əsas cəhət çəkiliş zamanı və ya sonrasında baş verən müəmmalı hadisələr, faciələr və aktyor heyətinin üzləşdiyi ağır talelərdir.

Bizim.Media kino tarixinin ən məşhur “lənətlənmiş” filmlərindən 10-nu təqdim edir.

“Oz sehrbazı” (1939)

Məşhur uşaq nağılı əsasında çəkilən bu filmin taleyi heç də nağılvari olmayıb. Çəkilişlər zamanı bir neçə dəfə rejissor dəyişdirilib, aktyorlar isə tez-tez avtomobil qəzalarına düşüblər.

Qalay Adam obrazını canlandıran Cek Heyli makiyaj üçün istifadə olunan alüminium tozunun yaratdığı göz infeksiyasına yoluxub. Aktrisa Marqaret Hamilton pirotexniki partlayış nəticəsində üz nahiyəsindən ciddi yanıq xəsarətləri alıb. Sehrbaz rolunun ifaçısı Frank Morqan isə çəkilişlərdən sonra ağır avtomobil qəzasına düşüb.

Daha sonralar filmdə rol alan aktrisalar Klara Blandik və Cudi Qarlend intihar ediblər.

“Supermen” (1951–1958, 1978–1983)

“Supermen lənəti” Hollivudun ən məşhur miflərindən biri hesab olunur.

Supermen obrazını canlandıran ilk aktyor Corc Rivz müəmmalı şəraitdə güllə yarasından həyatını itirib. Daha sonra bu rolu oynayan Kristofer Rivz isə atdan yıxılaraq ağır xəsarət alıb və ömrünün sonuna qədər iflic vəziyyətində qalıb.

Filmdə iştirak edən digər aktyorların da müxtəlif bədbəxt hadisələrlə üzləşdiyi iddia olunur.

“Cin çıxaran” (1973)

Qorxu janrının klassik nümunələrindən sayılan filmin çəkilişləri başlamazdan əvvəl dekorasiya kimi istifadə olunacaq evdə yanğın baş verib. Maraqlıdır ki, yanğından yalnız şeytana əsir olmuş qızın – Reqanın otağı salamat çıxıb.

Çəkilişlər zamanı Reqanın anasını canlandıran Ellen Börstin ciddi xəsarət alıb. Filmin tamamlanmasından sonra isə ekran əsərində daha əvvəl “ölən” iki aktyorun qəfil vəfat etməsi yeni söz-söhbətlərə səbəb olub.

“Əlamət” (1976)

Bu film ətrafında baş verən hadisələr onu kino tarixinin ən müəmmalı ekran əsərlərindən birinə çevirib.

Çəkilişlər zamanı rejissorun qaldığı oteldə yanğın baş verib və o, son anda xilas ola bilib. Vəhşi təbiət parkında aparılan çəkilişlər zamanı iki kaskadyor qaçan atların ayaqları altında qalaraq ölüb.

Ssenarist Devid Seltzer Nyu-Yorka qayıdarkən mindiyi təyyarəni ildırım vurub və o, ölümdən son anda qurtulub. Elə həmin gecə baş rol ifaçısı Qreqori Peki daşıyan təyyarə də qəza keçirib.

Filmdə Antixristin atasını canlandıran aktyorun oğlu sonradan intihar edib. Rejissor Riçard Donner ağır avtomobil qəzası keçirib, xüsusi effektlər üzrə supervayzer Dillon Riçardson isə yük maşını ilə toqquşma nəticəsində ağır xəsarətlər alıb. Həmin qəzada onun həyat yoldaşı həlak olub.

“Poltergeist” (1982–1988)

Bu film ətrafında dolaşan ən məşhur iddialardan biri çəkilişlərdə əsl insan skeletlərinin istifadə olunmasıdır.

Birinci filmdə rol alan aktrisa Dominik Dann sevgilisi tərəfindən qətlə yetirilib. İkinci hissənin nümayişindən qısa müddət sonra keşiş obrazını canlandıran Culian Bek xərçəng xəstəliyindən vəfat edib.

1988-ci ildə çəkilən hissədə rol alan 12 yaşlı Hizer O'Rurk nadir bağırsaq xəstəliyi səbəbindən xəstəxanaya yerləşdirilib və əməliyyat zamanı ürəyi dayanıb. Sonrakı illərdə filmdə iştirak edən digər aktyorlar da müxtəlif faciələrlə üzləşiblər.

“Alaqaranlıq zonası” (1983)

Filmin çəkilişləri zamanı baş verən qəza Hollivud tarixinin ən faciəli hadisələrindən biri sayılır.

Səhnələrdən birində vertolyotun aktyorların üzərində uçması planlaşdırılmışdı. Lakin çəkiliş zamanı vertolyot idarəetməni itirərək yerə çırpılıb. Nəticədə aktyor Vik Morrou və iki azyaşlı həyatını itirib.

“Matrix” (1999)

Filmlə bağlı müxtəlif faciəli hadisələr illər boyu “Matrix lənəti” haqqında müzakirələrə səbəb olub. Filmdə rol almalı olan müğənni Aliyah 2001-ci ildə təyyarə qəzasında vəfat edib. Oracle obrazını canlandıran aktrisa Qloriya Foster də sonradan dünyasını dəyişib. Çəkilişlər zamanı isə baş rol ifaçısı Kianu Rivz xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

“Məsihin ehtirası” (2004)

Mel Gibsonun çəkdiyi filmdə İsa Məsih obrazını Cim Kavizel canlandırıb. Çəkilişlər zamanı aktyor bir sıra xoşagəlməz hadisələrlə üzləşib. Ağır makiyaj səbəbindən səhhətində problemlər yaranıb, çiyni çıxıb və hətta bir epizod zamanı onu ildırım vurub.

“Betmen” trilogiyası (2005–2012)

Kristofer Nolanın məşhur trilogiyası da faciəli hadisələrlə yadda qalıb. Çəkilişlərin əvvəlində filmin dublyorlarından biri avtomobil qəzasında həlak olub. Daha sonra aktyor Morqan Friman ağır yol-nəqliyyat hadisəsi keçirərək xəstəxanaya yerləşdirilib. Coker obrazına görə böyük şöhrət qazanan Hit Ledcer dərmanların həddindən artıq dozası səbəbindən vəfat edib.

2012-ci ildə trilogiyanın son filminin premyerası zamanı Kolorado ştatının Aurora şəhərində baş verən silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.

“Köhnə otelin sirləri” (2011)

Film ruhların dolaşdığı iddia edilən Yankee Pedlar Inn otelində çəkilib. Çəkiliş heyətinin sözlərinə görə, proses zamanı televizorlar öz-özünə yanıb-sönür, qapılar açılıb-bağlanır, işıqlar isə səbəbsiz şəkildə yanırdı. Komanda üzvləri tez-tez qəribə və qorxulu yuxular gördüklərini bildirirdilər.

Rejissorun seçdiyi otaq isə əvvəllər də paranormal hadisələrin müşahidə edildiyi məkan kimi tanınırdı. Bu səbəbdən film qısa müddətdə “lənətlənmiş ekran əsərləri” siyahısına daxil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO