Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ

Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ

Hazırda oxunan: Yayda ən çox bu məhsullardan zəhərlənirik - XƏBƏRDARLIQ

621601

Yay aylarında havanın temperaturunun yüksəlməsi ilə qida zəhərlənmələrinin sayı da artır.

Bizim.Media “Baku.ws”ə istinadən xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, isti hava bakteriyaların və digər zərərli mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli şərait yaradır.

Nəticədə düzgün saxlanılmayan və ya hazırlanma qaydalarına əməl edilməyən qidalar sağlamlıq üçün ciddi təhlükəyə çevrilə bilər. Ən çox zəhərlənməyə səbəb olan məhsulların sırasında ilk yerlərdə ət və ət məhsulları dayanır.
 

Xüsusilə açıq havada satılan dönər, kabab, qiymə və digər ət məhsulları lazımi temperaturda saxlanılmadıqda qida zəhərlənməsi riski artır. Toyuq əti də yay aylarında xüsusi diqqət tələb edən məhsullardandır. Kifayət qədər bişirilmədikdə və ya düzgün saxlanılmadıqda təhlükəli bakteriyalar insan orqanizminə keçə bilər.


Süd və süd məhsulları da risk qrupuna daxildir. Qatıq, pendir, qaymaq və süd isti havada tez xarab olur. Xüsusilə küçələrdə və qeyri-rəsmi satış məntəqələrində satılan məhsulların alınması tövsiyə edilmir.

Yayda tez-tez istehlak olunan salatlar da diqqətli yanaşma tələb edir. Mayonezlə hazırlanan salatlar, uzun müddət soyuducudan kənarda qaldıqda bakteriyaların çoxalması üçün əlverişli mühitə çevrilir. Eyni risk kremlə hazırlanmış tort və şirniyyatlar üçün də keçərlidir.

Dəniz məhsulları və balıq da isti havalarda daha tez xarab olan qidalar sırasındadır. Onların saxlanma temperaturuna əməl olunmadıqda zəhərlənmə ehtimalı artır. Hətta görünüşü normal olan məhsul belə sağlamlıq üçün təhlükəli ola bilər.

Meyvə və tərəvəzlər isə istifadədən əvvəl yaxşı yuyulmalıdır. Onların üzərində qalan torpaq qalıqları, bakteriyalar və ya kimyəvi maddələr müxtəlif bağırsaq infeksiyalarına səbəb ola bilər.

Mütəxəssislər qida zəhərlənmələrindən qorunmaq üçün bir neçə sadə qaydaya əməl etməyi tövsiyə edirlər. İlk növbədə, qidalar etibarlı satış məntəqələrindən alınmalıdır. Son istifadə tarixinə diqqət yetirmək, məhsulları uyğun temperaturda saxlamaq və hazırlanmış yeməkləri uzun müddət otaq temperaturunda qoymamaq vacibdir.

Əllərin yeməkdən əvvəl və sonra yuyulması, meyvə-tərəvəzin təmizlənməsi, çiy və bişmiş qidaların ayrı saxlanılması da vacib gigiyena qaydalarındandır.

Həkimlər xüsusilə uşaqların, yaşlıların və xroniki xəstəliyi olan şəxslərin yay aylarında qida seçimində daha diqqətli olmasını tövsiyə edirlər.

Qida zəhərlənməsinin əsas əlamətləri ürəkbulanma, qusma, ishal, qarın ağrıları, halsızlıq və bəzən yüksək hərarət ola bilər. Belə hallarda bol maye qəbul etmək və vaxt itirmədən həkimə müraciət etmək tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO