Vakansiyalarda təcrübə tələbi - Məzunlar üçün ədalətsizlik, yoxsa zərurət?

Vakansiyalarda təcrübə tələbi - Məzunlar üçün ədalətsizlik, yoxsa zərurət?

Hazırda oxunan: Vakansiyalarda təcrübə tələbi - Məzunlar üçün ədalətsizlik, yoxsa zərurət?

621246

Ali təhsilini başa vuraraq əmək bazarına qədəm qoymağa çalışan minlərlə gənc eyni problemlə üzləşir – iş təcrübəsi tələbi. Belə ki, bir çox vakansiyada namizədlərdən ən azı 1-2 il iş təcrübəsi tələb olunur.

Bu vəziyyət isə yeni məzunların narazılığına səbəb olur. Onlar haqlı olaraq sual edirlər.

Ali təhsil müəssisəsini yenicə bitirmiş bir gənc iş təcrübəsini haradan əldə etməlidir?

Məhz buna görə də bir çoxları bu tələbi məntiqsiz hesab edir. Digər tərəfdən, bəzi mütəxəssislər universitet illərində müxtəlif təcrübə proqramları, könüllülük fəaliyyətləri və təcrübə keçmə imkanları vasitəsilə peşəkar bacarıqlar qazanmağın mümkün olduğunu bildirirlər.

Bəs işəgötürənlərin təcrübə tələbi nə dərəcədə əsaslıdır? Tələbələr universitet illərində əmək bazarına daha hazırlıqlı olmaq üçün hansı yollarla təcrübə qazana bilərlər?

Bizim.Media mövzuyla əlaqədar təhsil eksperti Ramin Nurəliyevin fikirlərini öyrənib.

O bildirib ki, bu məsələdə hər iki tərəfin, həm yeni məzunların, həm də işəgötürənlərin haqlı mövqeyi var.

"Əlbəttə, ali təhsil müəssisəsini yeni bitirən birinin lazımi iş təcrübəsi olmayacaq. Ancaq bununla yanaşı, universitetdə təhsil alan gənclər özlərini təkmilləşdirməyə çalışmalı, ixtisasları üzrə bilik və bacarıqları mənimsəməlidirlər. Həmçinin, "ASAN xidmət" və s kimi yerlərdə təcrübə proqramlarında iştirak etməlidirlər. Bunlarla yanaşı, tələbə dil biliklərini inkişaf etdirməyə də çalışmalıdır".

Ekspert düşünür ki, hazırda ali təhsil müəssisələrində tələbələr 2 yerə ayrılıb.  

"Birincisi, ixtisası üzrə təcrübə proqramlarına qoşulan, özünü inkişaf etdirən, ikincisi isə tənbəl tələbələrdir. Tənbəl tələbələr iş tapmaq üzrə müəyyən çətinlik çəkəcəklər. Buna görə də məsələn, əgər hüquq fakültəsində tədris alırsa, müəyyən şirkətlərdə, hüquq departamentlərində təcrübə keçməyə çalışmalıdır və yaxud əgər pedaqoji ixtisaslarda təhsil alırsa, kurslarda praktik bacarıqlara yiyələnə bilərlər. Bu məsələ artıq günümüzün bir parçasıdır".  

Ramin Nurəliyev sonda işəgötürənlərə də səslənib:

"Ümumi olaraq isə gənc kadrın işə qəbulunda işəgötürən onu çox sıxışdırmamalıdır. Çünki onlar ali təhsil müəssisəsini yeni bitirirlər, həyata yeni qədəm qoyurlar, onların qarşılarına böyük tələblərin qoyulması əlbəttə absürddür".

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO