ŞAD XƏBƏR – “Bakıdan qatarla Naxçıvana, Türkiyəyə getmək mümkün olacaq”

ŞAD XƏBƏR – “Bakıdan qatarla Naxçıvana, Türkiyəyə getmək mümkün olacaq”

Hazırda oxunan: ŞAD XƏBƏR – “Bakıdan qatarla Naxçıvana, Türkiyəyə getmək mümkün olacaq”

620204

“Altı illik fasilədən sonra, Müstəqillik Günü ərəfəsində Bakı–Tbilisi–Bakı sərnişin qatarının gündəlik əsasda fəaliyyətini bərpa etməsi regional təhlükəsizlikdən iqtisadi inteqrasiyaya, sərhədlərin qorunmasından kommunikasiyaların açılmasına keçidin mühüm siyasi siqnalıdır”.

Bizim.Media xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Milli Məclisin üzvü qeyd edib ki, 2020-ci ildən başlayaraq əvvəl pandemiya, daha sonra bölgədə yaranan hərbi və təhlükəsizlik təhdidləri dövlətimizi sərhədlərdə müxtəlif məhdudiyyətlərə məcbur etdi:

"Verilən qərarın xarici ticarətə, ailə əlaqələrinə, turizmə və müntəzəm hava nəqliyyatından istifadə edə bilməyən vətəndaşlara müəyyən sosial və humanitar çətinliklər yaratdığını da etiraf etməliyik. Lakin inkar edilməz faktdır ki, Vətən müharibəsi zamanı sərhədlərimizin təhlükəsizliyi Qələbənin görünməyən müdafiə xəttinə çevrildi. İşğaldan azad edilən 500 kilometrdən artıq dövlət sərhədinə nəzarətin bərpası Xankəndidə suverenliyin tam təmin olunmasına aparan yolun mühüm mərhələsi oldu. Azərbaycan arxa cəbhədən xarici müdaxilə, qeyri-qanuni silah, texnika və canlı qüvvə daşınması imkanlarını minimuma endirdi.
 

Bağlı sərhəd həmin dövrdə təhlükəsizliyin zərurəti idisə, indi açılan sərnişin qatarı sülhün relslər üzərində hərəkətidir. Unutmamalıyıq ki, qərar Rusiya–Ukrayna müharibəsinin və Yaxın Şərqdə hərbi gərginliyin hələ də səngimədiyi bir vaxtda qəbul olunur. Açılım yalnız Gürcüstan istiqaməti ilə məhdudlaşmır, daha geniş regional inteqrasiyanın mühüm həlqəsidir".


O bildirib ki, yaxın illərdə, bəlkə də daha tez, Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana, oradan isə Türkiyəyə getmək mümkün olacaq:

"Ermənistanla ixrac və tranzit imkanlarının genişlənməsi həmin ölkənin ənənəvi iqtisadi asılılıq coğrafiyasını dəyişdirəcək, sülhdən fayda götürən qüvvələrin sayını artıracaq. Zəngəzur istiqamətində və İranla tarixi dəmir yolu əlaqələrinin bərpası perspektivi  göstərir ki, Cənubi Qafqaz heç vaxt indiki qədər davamlı sülhə, iqtisadi bağlılığa və kommunikasiya bütövlüyünə yaxın olmayıb.

Əsrlər boyu müharibələr, işğallar və blokadalarla parçalanan region yenidən birləşmək imkanı qazanır. İnanırıq ki, sərnişin qatarlarının keçdiyi yollar sabah avtomobillərin, insanların, ticarətin və qarşılıqlı etimadın sərhədlərdən sərbəst keçəcəyi günü yaxınlaşdırır. Qələbənin ən böyük mükafatı yeni müharibələr yox, təhlükəsizlik, əməkdaşlıq və əbədi sülhdür".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO