16 yaşı tamam olmamış şəxslərin sosial şəbəkə platformalarında fərdi hesab yaratmasına icazə verilməyəcək.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
Layihəyə əsasən,16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməyəcək. Platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün aşağıdakı texniki üsulların ardıcıl tətbiqini təmin etməlidir:
-şəxsin yaşının bəyan edilməsi;
-şəxsin bəyan edilən yaşının dəqiqləşdirilməsi, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabın yaradılmasına razılığının alınması üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatların təqdim edilməsi.
Yuxarıda qeyd edilən məlumatlar əsasında provayder şəxsin, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin elektron poçt ünvanına və mobil nömrəsinə sorğunun göndərilməsi, habelə ona məxsus bank kartından pul vəsaitinin çıxılması (geri qaytarılması şərtilə) vasitəsilə bəyan edilmiş yaşın yoxlanılmasını həyata keçirəcək.
Qanun dərc olunduğu gündən bir il sonra qüvvəyə minəcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Günay Şahmar, Bizim.Media

































































































