İctimai nəqliyyatda – istər avtobus, istərsə də metro olsun, bəzən sərnişinlərin bir neçə oturacağı əvvəlcədən zəbt edilərək digər minənlərin əyləşməsinə imkan verməməsi halları müşahidə olunur. Bu məsələ həm ictimai narazılıq yaradır, həm də sərnişin mədəniyyəti və hüquqları baxımından müzakirə olunur.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Bizim.Media-ya açıqlamasında bildirib ki, ümumi istifadədə olan nəqliyyat vasitələrində əvvəlcədən bir neçə yerin tutulması və digər sərnişinlərin oturmasına mane olunması, birbaşa olaraq digər sərnişinlərin hüquqlarının pozulması deməkdir. Onun sözlərinə görə, avtobus və metro kimi nəqliyyat vasitələri real vaxt rejimində istifadə üçün nəzərdə tutulub və hər kəs öz yerini həmin anda tuta bilər.
Ekspert qeyd edir ki, bu məsələdə ayrıca sərt qanunvericilik norması olmasa da, problem daha çox insanların münasibətindən və ictimai davranış mədəniyyətindən qaynaqlanır. Yəni bu davranış hüquqi qədər etik məsələdir.
Qeyd edək ki, ictimai nəqliyyatda prioritet qruplar – əlilliyi olan şəxslər, uşaqlar və yaşlı insanlar mütləq nəzərə alınmalı, ilk növbədə onlara yer verilməlidir.
Ekspertin fikrincə, problemin həlli üçün maarifləndirmə də vacibdir. Nəqliyyat şirkətləri öz avtobus və digər nəqliyyat vasitələrində bu barədə məlumatlandırıcı lövhələr yerləşdirə, sərnişinlərə davranış qaydaları xatırladıla bilərlər.
Ümumilikdə isə belə davranışlar ictimai nəqliyyatda bərabər istifadə prinsipinə zidd hesab olunur və sərnişinlərin hüquqlarının qorunması üçün həm mədəni, həm də təşkilati yanaşma tələb edir.
Aysu Əsədova, Bizim.Media


































































































