Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi halal məhsulla bağlı videoçarx paylaşıb. Amma bu videoçarx izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Videoçarxa baxanların bir çoxu iddia edir ki, halal adıyla reklam olunan heyvan cəmdəyi qoyuna yox, donuza məxsusdur.
Çünki, qoyunun qolları və qıçları xeyli uzun olur. Eyni zamanda qoyun bu qədər kök olmur. Bu göstəricilər donuza məxsusdur.
Məsələ ilə bağlı iradını Bizim.Media-ya bildirən “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov deyir ki, ötən gün mənə 3 telefon zəngi gəlib ki, AQTA-nın Qida Təhlükəsizliyi institutu halal sertifikatıyla bağlı bir rolik paylaşıb:
“Rolikdə halal sertifikatından, İslam Əməkdaşlıq təşkilatından söhbət getsə də reklam olunan donuz cəmdəyidir. İstehlakçıların zəngindən sonra videoçarxa mən də diqqətlə baxdım və deyilənlərin həqiqət olduğunu gördüm. Bu məni də çox təəccübləndirdi. Açığı halal sertifikatın üstündə neçə illərdir ki, aldatma var. Əlavə pul naminə sertifikatlar verilib”.
Eyyub Hüseynov əlavə edib ki, bu vaxtadək 2 dəfə halal sertifikatı qəbul edilib:
“Biz iki dəfə təklif versək də, bu, institut tərəfindən nəzərə alınmadı. Təklif etmişdik ki, halal məhsul istehsal edən müəssisənin kredit borcu olmasın. İstehsalda şəffaflıq təmin edilsin. İstənilən inanclı insan istehsal prosesinə baxa bilsin. Bəzi heyvanların ətinin halal adı ilə emalına qadağa qoyulsun. Lakin bu təkliflərimiz qəbul edilmədi. Formal bir sənəd hazırlandı.
Halbuki halal sertifikatı verən təşkilat Beynəlxalq institutlarda akkredasiya olmaqla yanaşı, Azərbaycan Akkredasiya Mərkəzində də akkredasiya olunmalıdır. Məndə olan məlumata görə halal sertifikatı verən bəzi təşkilatlar Akkredasiya Mərkəzində akkredasiya olunmur. Bu da inanclı insanların aldadılmasıdır. 8 il əvvəl “Azad İstehlakçılar”İB məsələ qaldırdı, kollegial və tam pulsuz halal sertifikatın verilməsinə nail olduq. AQTA yarandıqdan sonra bu təşəbbüs dayandı. Düşünürəm ki, bu məsələ yenidən gündəmə gətirilməlidir”.
Məsələ ilə bağlı AQTA-ya müraciət etdik. Qurumdan Bizim.Media-ya bildirildi ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub:
“Hazırda İnstitut tərəfindən “Halal” sertifikatlaşma prosesi 4 kateqoriya üzrə aparılır. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların və ev quşlarının kəsimi, balıq və dəniz məhsullarının emalı, süd və süd məhsulları, yumurta və yumurta məhsullarını, eyni zamanda emal edilmiş ət və ət məhsullarını əhatə edir.
“Halal” uyğunluq qiymətləndirmə proseslərinin hər bir addımında islami məsələlər üzrə mütəxəssis də iştirak edir. Səriştəli, dini təhsili olan və hazırda dini müəssisələrdə fəaliyyət göstərən bu mütəxəssislər yoxlama aparılan obyektlərdə islami qaydaların, halal standartı tələblərinin və şəriət qaydalarının tətbiqini qiymətləndirir. AQTİ-nin həyata keçirdiyi “Halal” sertifikatlaşma beynəlxalq səviyyədə tanınan və etibarlı sertifikatlaşma xidməti olaraq fəaliyyət göstərməkdədir”.
Maraqlıdır ki, quruma müraciətimizdən az sonra AQTA-nın Qida Təhlükəsizliyi institutunun paylaşdığı videorolik silinib.
Amma AQTA açıqlamasında müraciətimizdən sonra sildiyi videoroliklə bağlı məsələyə reaksiya bildirməyib.
Surxay Atakişiyev, Bizim.Media


































































































