Azərbaycanın taleyinə yön verən şəxsiyyət, xalqın qəlbində yaşayan DAHİ LİDER

Azərbaycanın taleyinə yön verən şəxsiyyət, xalqın qəlbində yaşayan DAHİ LİDER

Hazırda oxunan: Azərbaycanın taleyinə yön verən şəxsiyyət, xalqın qəlbində yaşayan DAHİ LİDER

612092

Tarixdə elə şəxsiyyətlər var ki, onlar yalnız yaşadıqları dövrün deyil, bütöv bir xalqın simvoluna çevrilirlər. Belə insanlar yüksək zəkası, uzaqgörənliyi, xalqa bağlılığı və dövlətçilik idealları ilə yaddaşlarda silinməz iz qoyurlar. Onların fəaliyyəti zaman keçdikcə daha dərindən dərk olunur, gördükləri işlərin əhəmiyyəti isə illər ötdükcə daha aydın görünür.

Məhz bu səbəbdən də belə insanlar unudulmur, daim ehtiramla xatırlanırlar. Unudulmaz şəxsiyyətlərin ən mühüm xüsusiyyəti xalqının taleyini hər zaman, bütün çətinliklərə rəğmən üstün tutmalarıdır. Vətənin hər qarış torpağına bağlılıq, ən çətin anlarda məsuliyyəti üzərinə götürmək cəsarəti, dövlətin gələcəyini düşünərək prinsipial qərarlar qəbul etmək və xalqa xidmət amalına sadiq qalmaq onları tarixdə fərqləndirən əsas cəhətlərdir. Bu xüsusiyyətlərə malik liderlər yalnız bir dövrün deyil, gələcək nəsillərin də yoluna işıq salırlar.

Hər xalqın tarixində adı qızıl hərflərlə yazılan şəxsiyyətlər olur.

Azərbaycan xalqı üçün bu böyük tarixi simalardan biri, şübhəsiz ki, ümummilli lider Heydər Əlirza oğlu Əliyevdir. O, təkcə siyasi lider deyil, həm də dövlətçilik təfəkkürünün, milli birliyin və müstəqillik iradəsinin ölməz simvoludur.
 

Allahın insanlara bəxş etdiyi ömrü hər kəs müxtəlif yaşayır: kimisi həyatını doğmalarına, kimisi yalnız özünə (mən onları cahil insanlar kateqoriyasına şamil edirəm – Ş.N), kimisi də Heydər Əliyev kimi bütün ömrünü Azərbaycan xalqına, millətinə, yurdunun gözəl insanlarına həsr edir. Bu, hər kəsin bacara biləcəyi iş deyil. Həyatının mənasını xalqına xidmətdə görən və “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycan xalqına xidmət etməkdən ibarət olubdur” deyən bir insan əbədi sevgiyə və hörmətə layiqdir.


Ulu Öndər fəaliyyəti boyunca xalqının hüquqlarını qoruyub, ən ağır dövrlərdə Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə edib. Milyonlarla insanın sevgisini və etimadını qazanmaq hər liderə nəsib olmur. Hər addımında xalqın dəstəyini hiss edən Heydər Əliyev, bu böyük etimadı özünün uzaqgörən siyasəti, qətiyyətli qərarları və dövlətçilik mənafeyini hər şeydən üstün tutması ilə qazanıb. Bu baxımdan, mənalı ömrünü xalqa həsr edən dahi şəxsiyyətə göstərilən ehtiram və sevgi sonsuzdur.

Müstəqil Azərbaycan Heydər Əliyevin ən gözəl əsəridir. Dövlət müstəqilliyinin qorunması, ölkədə sabitliyin təmin olunması, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artırılması onun adı ilə bağlıdır. Bu gün Azərbaycanın əldə etdiyi uğurların təməlində də məhz Ulu Öndərin müəyyən etdiyi siyasi kurs dayanır.

Ulu Öndərin ömür yolu vətənə və xalqa xidmətin nümunəsidir.

Onun siyasi məktəbi isə olduqca zəngindir. Nadir tarixi şəxsiyyətlərdən biri hesab olunan, hərtərəfli zəngin elmi biliklərə malik, intellektual səviyyəsi yüksək bir insanın tale yolunu araşdırmaq, öyrənmək və sevərək təbliğ etmək vacibdir, çünki Heydər Əliyevin ömrü həm də Azərbaycan tarixinin qızıl səhifəsidir.
 

Onun ən böyük əsəri, qüruru, xalqımıza özündən sonra güclü və müstəqil Azərbaycan miras qoymasıdır. Heydər Əliyev Azərbaycan üçün göstərdiyi misilsiz xidmətləri ilə xalqımızın qəlbində əbədi yaşayacaq.


Ulu öndər Heydər Əliyevlə bağlı ərsəyə gətirdiyim bu yazını məhz onun öz sözləri ilə tamamlamaq istəyirəm: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”.

Şəbnəm Nərimanqızı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO