Bir il əvvəl çiçək “dənizi” idi, bu il isə boz çöllük – Lalələr niyə yoxa çıxıb?

Bir il əvvəl çiçək “dənizi” idi, bu il isə boz çöllük – Lalələr niyə yoxa çıxıb?

Hazırda oxunan: Bir il əvvəl çiçək “dənizi” idi, bu il isə boz çöllük – Lalələr niyə yoxa çıxıb?

611582

Məşhur “Lalələr” mahnısında deyildiyi kimi “Yazın əvvəlində Gəncə çölündə...” dizə çıxan lalələr bu il gözə görünmür. Artıq yazın əvvəlini keçmişik, sonuncu ayındayıq, keçən il bu vaxtlar, bölgələr bir yana, hətta paytaxt ətrafı qəsəbələr də lalələrlə bəzənmişdi. Masazırın, Novxanının açıq düzənlikləri dalğa-dalğa qırmızı rəngə boyanmışdı. Hər kəs ora axışır, bir-birindən gözəl şəkillər videolar çəkirdi. Amma bu il eyni mənzərə sanki görünməz əllə silinib.

Lalələr niyə incik düşüb?

Bioloq, seleksioner Akif Əliyev Bizim.Media-ya belə açıqladı ki, bu il lalələrin apreldə çiçəkləməməsinin ilk səbəbi havaların soyuq keçməsidir. Bundan başqa bu il leysan xarakterli yağışlar kütləvi subasmalara səbəb olduğu üçün torpaq qatı bir çox toxumları, eləcə də lalə soğanaqlarını çürütmüş ola bilər.

“Lalələr günəş sevən bitkilərdir. Əgər bu il hava daha çox buludlu olubsa çiçəkləmə zəifləyə bilər.  Amma isti, günəşli bölgələrdə hətta martın sonlarından açmağa başlayır”.

Çox maraqlı bir fikir də var. Belə deyilir ki, “insan ayağı dəyən yerdə lalə bir də bitməz”. Bu nə dərəcədə doğrudur?

Mütəxəssis deyir ki, şişirdilmiş olsa da, bunda həqiqət payı var.  

“Lalə çox zərif çiçəkdir. Onu qoparandan  neçə dəqiqə ərzində solur. Eləcə də soğanaqları da çiçəyi kimi həssasdır. Torpağın çox tapdalanması torpağı sıxır. İnsanlar dəstə-dəstə eyni yerlərdə gəzdikdə torpaq bərk sıxılır və zədələnir. Bu isə lalə soğanaqlarının nəfəs almasını və kök atmasını çətinləşdirir. Nəticədə növbəti il ya ümumiyyətlə çıxmır, ya da çox zəif olur. Ona görə də laləliklərə bir-iki mövsüm insanlar az gedib, torpağa istirahət versə, yenidən bərpa ola bilər. Amma hər il eyni intensivlikdə tapdalanarsa, tam yox olma riski də var”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO