Gömrükdən keçdiyi tarixdən etibarən altı ay ərzində rəsmiləşdirilməyən mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə veriləcək.
Bu, Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsində öz əksini tapıb.
Sənədə əsasən, gömrük sərhədini keçdiyi gündən etibarən altı ay müddətində rəsmiləşdirilməmiş və ya rəsmiləşdirilməsi başa çatdırılmamış mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçiriləcək.
Bəs gətirilən malların sənədləşməsi hansı halda bu qədər uzana bilir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, dəyişikliyə əsasən, kim xaricdən maşın gətirsə, altı aylıq müddət ərzində bütün sənədləşmə işlərini tamamlamaq məcburiyyətindədir:
“Müddət keçdikdən sonra heç bir bəhanə qəbul edilmir və dövlət həmin nəqliyyat vasitəsinə müsadirə əsasında sahib çıxa bilər.
Bu dəyişikliyin arxasında çox güman ki, bir neçə məqsəd dayanır. Birincisi, gömrük prosedurlarını uzun müddət süründürməçiliyə salan, qaydalardan yan keçməyə çalışan halların qarşısını almaq. İkincisi, qeyri-rəsmi yolla saxlanılan, sənədsiz dövriyyədə olan avtomobillərin sayını azaltmaq. Üçüncüsü isə dövlət büdcəsinə daxil olmalı olan gömrük rüsumlarının yığılmasını təmin etmək”.
“Bu qaydanın bir neçə ciddi yan təsiri ola bilər”.
Müsahibimizizin fikrincə ən əsas problem odur ki, altı aylıq müddət bəzən insanın özündən asılı olmayan səbəblərdən keçə bilər:
“Gömrük orqanlarının özündəki gecikmələr, çatışmayan sənəd tələbləri, bürokratik ləngimələr buna misal ola bilər. Yəni insan həqiqətən rəsmiləşdirmək istəyir, amma sistemin ləngiməsi ucbatından müddəti keçirir və vətəndaş avtomobilini itirir.
Digər tərəfdən, bu qayda əsasən gömrük prosedurlarından xəbərsiz olan adi vətəndaşlara, xüsusən kənd yerlərində yaşayanlara daha ağır zərbə vura bilər. Savadlı bir iş adamı hüquqşünas tutar, prosesi vaxtında həll edər. Amma məlumatı az olan biri sadəcə müddəti keçirir.
Üçüncü risk isə şikayət mexanizminin aydın olmamasıdır.
Dövlət avtomobili müsadirə etdikdən sonra keçmiş sahibin hüquqi mübarizə aparmaq imkanı nə qədərdir, bu hissə qanunda aydın deyilsə, vətəndaş faktiki olaraq gücsüz qalır.
Nəhayət, bu qayda insanları xaricdən avtomobil gətirməkdən çəkindirə bilər ki, bunun da avtomobil bazarına və idxalın həcminə mənfi təsir göstərməsi ehtimalı böyükdür”.
Surxay Atakişiyev, Bizim.Media






























































































