“Təqaüdçü üçün hər manatın dəyəri var” – Deputatdan banklara SƏRT REAKSİYA

“Təqaüdçü üçün hər manatın dəyəri var” – Deputatdan banklara SƏRT REAKSİYA

Hazırda oxunan: “Təqaüdçü üçün hər manatın dəyəri var” – Deputatdan banklara SƏRT REAKSİYA

610387

Azərbaycanda bank kartlarından nağdlaşdırma və köçürmələr zamanı müəyyən faizlə komissiya haqqı tutulur. Komissiya haqqı kartın növünə, yəni əməkhaqqı, debet və s. görə dəyişir.
 

Bankların təqdim etdiyi kartdan-karta köçürmə xidməti ödənişlidir və buna görə müxtəlif banklarda müəyyən faiz və minimum məbləğ tətbiq olunur. Bəzi banklarda köçürmə üzrə komissiya təxminən 0,1%-dən 1%-ə qədər dəyişir.


Komissiya haqqının təqaüdçülərin də bank kartlarına aid edilməsi onlar arasında narazılıq yaradır. Pensiya ödənişlərinin vətəndaşa çatdırılması pulsuz həyata keçirilir, lakin təqaüdçü pensiya məbləğindən onu başqa bank kartına köçürməklə istifadə edərkən komissiya haqqı ödəməli olur.

Bu da sosial ödənişlə dolanan yaşlı insanlar üçün əlavə xərc yaradaraq onların maddi vəziyyətinə birbaşa təsir göstərir.

Mövzu ilə bağlı Bizim.Media-ya fikirlərini bildirən deputat Razi Nurullayev deyib ki, böyük qisim təqaüdçü onsuz da az pul alır, üstəlik onun pulundan komissiya çıxmaq bir az yaxşı görünmür:

“Bu tip məsələlər barədə təqaüdçülər mənə danışıblar və xahiş ediblər ki, bunu aidiyyəti qurumların diqqətinə çatdırım. Təqaüdçü öz pulunu bir kartdan o birinə göndərir və komissiya ödəyir. Bu təqaüdçü üçün hiss olunan itkidir. Xüsusilə kiçik məbləğlərdə bu daha çox hiss olunur. Məsələn, 10-15 manat köçürür, amma 1 manat komissiya gedir. Bu, gənc adam üçün böyük görünməyə bilər, amma təqaüdçü üçün hər manatın dəyəri var”.

Millət vəkili hesab edir ki, bu məsələdə təqaüdçülərə güzəşt olunmalıdır:

“Məncə, burada daha insaflı yanaşma olmalıdır. Heç olmasa, təqaüdçülər üçün bu cür köçürmələr ya pulsuz olsun, ya da çox simvolik bir məbləğ olsun. Məsələn, ay ərzində bir neçə dəfə ödənişsiz köçürmə imkanı verilə bilər.

Ölkədə sosial həssas qruplara bir az daha diqqətli yanaşmaq mümkündür. Bu, məncə, büdcə üçün böyük maliyyə yükü yaratmaz. Qısası, təqaüdçünün cibindən çıxan hər artıq qəpik onun gündəlik həyatına təsir edir. Ona görə də bu sahədə güzəşt etmək həm düzgün, həm də vacib addım olar”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO