Birgə yaşadıqları şəxsi pula görə öldürməkdə təqsirləndirilənlərin məhkəməsində GƏRGİNLİK

Birgə yaşadıqları şəxsi pula görə öldürməkdə təqsirləndirilənlərin məhkəməsində GƏRGİNLİK

Hazırda oxunan: Birgə yaşadıqları şəxsi pula görə öldürməkdə təqsirləndirilənlərin məhkəməsində GƏRGİNLİK

609641

Nəsimi rayonunda birlikdə kirayədə yaşadıqları şəxsi yatarkən qətlə yetirdikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovun cinayət işləri üzrə növbəti məhkəmə baxış iclası olub.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ülvi Abasovun sərbəst ifadəsi dinlənilib.

Təqsirləndirilən Ülvi Abasov ifadəsi zamanı hadisədən xəbərsiz olduğunu, bu barədə polis bölməsində məlumat aldığını deyib:

"Mən onlarla eyni həyətdə kirayədə yaşayırdım. İşlərimiz də ayrı-ayrı idi. İsgəndər Fazillə bir otaqda qalırdı. Həmin gün səhər Fazil gəldi ki, rayona gedirəm, küçədə taksi gözləyir, əşyalarımı daşımağa kömək elə. Mən də onun çantalarını küçəyə çıxardıb maşına qoymağa kömək etdim. Demişdi ki, çantalardakı tikintidə istifadə etdiyi alətlərdir, rayona aparır. Mən bilsəydim meyitdir, heç vaxt kömək etməzdim. Doqquz aydır günahsız burada yatıram".
 

Təqsirləndirilənin bu ifadələri zərərçəkən tərəfin hiddəti ilə qarşılanıb. Mərhumun prosesdə iştirak edən yaxınları Ülvinin yalan danışdığını və bu cinayəti Fazillə birlikdə törətdiyini deyiblər.


Daha sonra Ülvi Abasovun ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilib. Sitat:

"Bir il idi ki, həmin ünvanda kirayədə yaşayırdım. Mən otaqda tək, Fazillə İsgəndər isə birlikdə qalırdıq. Avqustun 4 də gecə yarısı Fazil qapımı döyüb məni çağırdı. Biz əvvəl Fazillə İsgəndərin pulunun olması barədə danışmışdıq. Fazil məni çağırandan sonra otağa girdik, mən İsgəndərin ayaqlarını tutdum, Fazil də dəmirlə bir neçə dəfə onun sifətindən vurdu".

İbtidai istintaqdakı ifadəsi ilə məhkəmədəki ifadəsi arasındakı ziddiyyətə aydınlıq gətirən Ülvi Abbasov iddia edib ki, bu ifadəsini təzyiq altında verib.

Qətlə yetirilən İsgəndər Əliyevin hüquqi varisi - qardaşı İsmayıl Əliyev də mərhumun qətlində hər iki şəxsin birlikdə iştirak etdiyini deyib, onlara ən ağır cəza verilməsini xahiş edib. Növbəti iclas mayın 4-nə təyin olunub.

İttihama görə, avqustun 4-də, gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasov qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən onun başına çəkiclə zərbələr vuraraq öldürüblər.

Onlar bundan sonra otaqda axtarış apararaq İsgəndər Əliyevə məxsus 300 ABŞ dollarını götürüblər.

Fazil Feyzullayevin cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırıb sellofan paketlərə yığaraq Ağsu rayonuna apardığı, orada bədən əzalarını müxtəlif yerlərə atmasına əsaslı şübhələr müəyyən edilib.
 

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə cinayət işi istintaq olunub.


Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO