Milli Şuranın beynəlxalq əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəyli Moderator.az-a bu dəfəki açıqlamasında kinossenarist Eldəniz Quliyevlə VİP sədri Əli Əliyev arasındakı məhkəmə çəkişməsinə münasibət bildirib. Gültəkin xanım bu məhkəməni yersiz hesab etməklə yanaşı Eldəniz Quliyevi dəstəklədiklərini də bildirib və bu vaxtaparan prosesdə Milli Şuranın onun yanında olduqlarını vurğulamaqla yanaşı kinossenaristə səbr və dözüm də arzulayıb:
"Eldəniz Quliyev Azərbaycanın ən dəyərli ziyalılarından biri, gözəl kinosenarist, nüfuzlu qələm adamıdır. O, eyni zamanda Milli Şuranın ən hörmətli üzvlərindən, ilk yaranışdan təşkilatımızın təməl sütunlarını atan insanlardan biridir. Onunla bağlı baş verən məhkəmə olaylarına çox üzülürəm. Kaş ki, dəyərli insanlarımızın başı belə mənasız işlərə qarışmaya, qiymətli vaxtımızı boşuna xərcləməyə məcbur edilməyəydik. Difamasiyanın cinayət qaydasında təqibi, ümumiyyətlə, istənilən demokratik dövlətə yaraşmayan bir haldır. Lakin təəssüf ki, beynəlxalq təşkilatların, xüsusilə də, Avropa Şurasının israrlı tələblərinə baxmayaraq Azərbaycanda diffamasiyanın cinayət təqibinə nəinki qanunvericilik səviyyəsində son qoyulmur, hətta siyasi opponentlərə qarşı saxta ittihamlar irəli sürməklə ondan bir silah kimi istifadə edirlər. Eldəniz bəyə bu mənasız və vaxtaparan prosesdə yalnız səbr və dözüm diləyə bilərəm. Bir dəyərli ziyalımız, dostumuz və Milli Şura üzvü kimi onu hər zaman dəstəkləyirik."





































































































