Araşdırmaçı jurnalist Xədicə İsmayıl və “Meydan” TV-nin rəhbəri Emin Milli “haqqin.az” və “virtualaz.org” saytlarının rəhbəri, hüquq müdafiəçisi Eynulla Fətullayevi tənqid atəşinə tutublar. Hər iki şəxs “Facebook” səhifəsində hüquq müdafiəçisi ilə bağlı status paylaşıb.
X.İsmayıl fikirlərini bu cür bildirib: “Eynulla Fətullayev daha bir biabırçılığa imza atdı. Tirajlamayacam. Amma onun azərbaycanca və rusca yaratdığı saytların hansı məqsədə xidmət etdiyini anlamayan varmı hələ? Bu saytları oxuyanın, onlara müsahibə verənin də ağlı və niyyətləri mənim üçün şübhəlidir. Qərarınızı verin məncə”.
Keçmiş vicdan məhbusu, hazırda Almaniyadan yayımlanan "Meydan" TV-nin rəhbəri Emin Milli də ona dəstək verib. O, “Eynullanın aqibəti” başlıqlı statusunda E.Fətullayevi iyrənc işlərlə məşğul olmaqda günahlandırıb: “Hərdən düşünürəm ki, bir insanı nə ilə qorxuzmalıdırlar ki, o belə iyrənc işlərlə məşğul olsun. Ola bilər ki, onu həbsdə ...... (təhqir-red) və qorxuzublar ki, onların dediklərini etməsə, onun bu görüntülərini yaya bilərlər. Ona görə Eynullaya əsəbiləşmək lazım deyil. Onun misalı əslində nə qədər bir iyrənc sistem tərəfindən idarə olunduğumuzun bir sübutudur.
Amma özümüzü bu iyrənclikdən qorumalıyıq. Eynulla Fətullayevlə Facebookda dost olmaq iyrəncdir. Belələri olsa mənim dost siyahımda onları siləcəm. Ona intervyu verən, onunla danışan insan sadəcə özünə hörmət eləmir. Onun yaratdığı saytlar da iyrəncdir. Onları oxuyub yayanları da dost siyahımdan siləcəm. Məndən intervyu almadığı halda bu insan mənim adımnan yalanlar yayır. İnsanların intim həyatına girir, nakişilik edir.
Mənim Eynullaya yazığım gəlir. İstəməzdim ki, kimsə onun aqibətini yaşasın”.
Eynulla Fətullayev isə bu ittihamlara qarşılıq verib. O, Emin Milliyə haqqında yazdıqlarına cavab verib və təhqiredici sözlər ünvanlayıb: “İlham Əliyevə tərcüməçilik edib, hakimiyyətin pullarını atan sən, türmədə Elton Quliyevin qabağında ağlayan sən, hökumətdən əfv diləyən sən... Anlayıram, Bakıya gəlməyə cürətin çatmır, ... (təhqir-red) qorxursan, amma zəng elə gəlim söhbətimizi çözək. Onsuz da səni yerin dibindən də olsa tapacam. İstənilən şəhərin adını de,... (təhqir-red) gəl orada görüşək səninlə. Bu sözləri sənə yedizdirəcəm”. Həmçinin E.Fətullayev status yazaraq barəsində yazılan təhqiri həzm etməyəcəyini vurğulayıb: “Emin Milli adlı bloqqer məni təhqir edib öz profilində. Hər şeydən öncə, biz kişiyik. Mən bu təhqiri yeməyəcəm. Emin Milliyə yazdım indi- birincisi kişi məktub vasitəsilə söyüş söyməz. Üzə deyər. İkincisi, yazdım ki, bilirəm Bakıya dönməkdən it kimi qorxursan. İstənilən şəhərin adını yaz- gəlim kişi kimi təkbətək söhbətimizi çözək. Amma yazmasa və gəlməsə, burdan deyirəm, istənilən yerdə Emin Millini tapıb onu cəzalandıracam. Amin Milli, binamus deyilsənsə, azacıq qeyrətin qalıbsa, görüş yerini təyin et. Gözləyirəm”. (musavat.com)











































































































