Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.
Universitetdən Bizim.Media-ya verilən məlumata görə, rektor Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib.
Rektor bildirib ki, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsi AzTU-da yeni təsis olunub.
MÖVZU İLƏ BAĞLI:
AzTU-ya yeni prorektor təyin olundu - FOTO
AzTU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunan Kamran Rəsulov ona göstərilən etimada görə təhsil naziri Emin Əmrullayevə təşəkkür edib. O, bu etimadı doğruldacağını və AzTU-nun regionun aparıcı universitetlərindən biri olması istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Qeyd edək ki, Kamran Rəsulov 2005-2010-cu illərdə Türkiyənin Hacettepe Universitetini biznesin idarə edilməsi ixtisası üzrə bakalvariat, 2010-2012-ci illərdə isə maliyyə ixtisası üzrə magistratura səviyyəsində bitirib.
Əmək fəaliyyətinə AzTU-da başlayıb. 2012-ci ildən AzTU-nun İqtisadiyyat və statistika kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb. Hazırda həmin kafedranın dosent əvəzi işləyir.
Kamran Rəsulov iqtisad üzrə fəlsəfə doktorudur. 20 elmi məqalənin, 1 dərs vəsaitinin və magistratura səviyyəsində 1 fənn proqramının müəllifidir.
Bizim.Media