“McDonalds” YEMƏKLƏRİ – Bakıda daha təhlükəli və bahadır – EKSPERT RƏYİ

Hazırda oxunan: “McDonalds” YEMƏKLƏRİ – Bakıda daha təhlükəli və bahadır – EKSPERT RƏYİ

24161

Zamanla tez hazırlanan qidalar məkanı olan “McDonalds” haqqında bir sıra təzadlı xəbərlər mətbuatda öz əksini tapıb. Bu xəbərlərdə “fast food” restoranlarında yeməklərinin hazırlanmasında genetik modifikasiya olunmuş (GMO) ərzaqdan və tez hazırlandığı üçün konservləşdirilmiş təhlükəli məhsullardan istifadə olunduğu da qeyd olunur.

Əsasən burada təhlükə mənbəyi bu cür yeməklərin hazırlanmasında işlədilən mənşəyi bilinməyən yağlardır. Eyni yağda külli miqdarda qidanın hazırlanması isə bu amili daha da ölümcül edir. Bu qidalar insanlarda sonsuzluq, qan xərçəngi, vərəm və digər ağır xəstəliklərə yol açır. 
 

MÖVZU İLƏ BAĞLI:

"Fast-food" insanları necə zəhərləyir? – Ömrümüzü qısaldan ləzzət...


Qeyd edək ki, ilk dəfə bu restoranlar şəbəkəsi Azərbaycana 1999-cu ildə qədəm qoyub və insanlara “tez-bazar” yəni tez hazırlanan qidalar təklif olunur. İnkişaf etmiş ölkələrdə əsasən kasıb təbəqənin üz tutduğu bu qəlyanaltı məkanında bizdə əksinə demək olar ki, varlı təbəqə qidalanır. Sözsüz ki, burada əsas amil təklif olunan qidaların baha olmasından irəli gəlir. Bu haqda bir az sonra qeyd edəcəyik.

Buradakı məhsulların əksəriyyəti GMO-dur

Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, birmənalı olaraq bütün dünyada bu şəbəkələr istehlakçıların sağlamlığına zərər yetirən şəbəkələrdir.

“Bir zamanlar ATV-də yayımlanan “Yoxlama” verilişinin çəkilişi zamanı mən bir neçə fast-food həmçinin “McDonalds” restoranın mətbəxinə daxil olmuşam. Mətbəx təmiz olsa da burada məlum oldu ki, ətlər xaricdən gətirilir. İnanırsız bu dondurulmuş ətləri heç çəkiclə də qırmaq mümkün olmur.
 

Qeyd edim ki, ətlərin mənşəyi məlum deyil, onlar taxta kimi möhkəm bir əşyadır. Çox güman ki, bu süni, naməlum bir növdür. Daha sonra onlar xüsusi avadanlıqla şişirdilib istifadə edilir. Həmçinin kartofları, souslarının da əksəriyyətinin genetik modifikasiya olunmuş (GMO) mallardır. Təəsüflər olsun ki, dünyada bütün istehlakçılar bu restoranların reklamlarının əsiridir.


Əsasən də burada uşaqlar bunun qurbanına çevrilir. Ancaq bəzi müsəlman ölkələri bu cür restoranları öz ölkəsinə buraxmır. Azərbaycan Avropaya inteqrasiya yolunu seçib. Burada o restoranlar fəaliyyət göstərir. Mən insanları bu restoranlardan uzaq olmağa çağırıram”.

Birlik sədri həmçinin qeyd edib ki, bu şəbəkələrdə qiymət digər ölkələrə nisbətən çox bahadır.

“Çox təəssüflə qeyd edim ki, bu restoranlara tələbat olduğu üçün qiymət bahalaşır, keyfiyyət isə aşağı düşür. Düşünürəm ki, AQTA-da (Qida təhlükəsi Agentliyi) burada müəyyən iş aparmalıdır.

Lakin onu da nəzərə alaq ki, AQTA qidanın təhlükəsizliyinə zəmanət verə bilər, keyfiyyəti isə başqadır. Bunlar məşhur dünya brendidir və bütün dünya da beləcə fəaliyyətlərini də davam etdirirlər”.

“McDonalds” Azərbaycanda niyə bahadır?

Eyyub Hüseynovun da qeyd etdiyi kimi, Azərbyacanda həqiqətən də “McDonalds” restoran şəbəkələrindəki qiymətlərə normal büdcəyə uyğun olan məkanlarda sağlam qidalanmaq olar. Baxmayaraq ki, bu şəbəkələr əvvəldən kasıb təbəqə üçün hesablanıb.

Bu restoranlarda minimal 2 nəfərin qidalanması adambaşı təxminən 10-12 manat arası başa gəlir. Məsələn xətrinizdən kartof qızartması (3.1 manat), sezar rool (4.90 manat) içki (2.25) hər hansı bir sous (50 qəpik) keçsə 10 manat 75 qəpik xərcə düşəcəksiniz. Yox əgər yeməkdən sonra  birdə könlünüz dondurma çəksə daha 2 manat 90 qəpik ödəməlisiniz. Bu da toplamda büdcənizə 13 manat 65 qəpik başa gələcək. Əgər bir ailədən 2 nəfər “McDonalds”da nahar etmək istəsə bu qiymət ikiqatına qalxacaq. 

İqtisadçı Natiq Cəfərli də “McDonalds”ın Azərbaycan şəbəkələrindəki qiymətlər qonşu ölkələrə nisbətən çox baha olduğunu bildirir.

“Dünyada Big Maq indeksi var. Yəni burada “McDonalds”da olan Big Maq-ın qiymətlərinin dünya ölkələrində hansı formada dəyişdiyi və həmin ölkələrin alıcılıq qabiliyyəti ilə insanların dolanışıq səviyyəsinə bir formal ölçülməsi nəzərdə tutulur.Maraqlı, elmi olmayan qeyri-rəsmi bir indeksdir. Azərbaycanda doğurdanda bu Biq Maq indeksi qonşu ölkələrə nisbətdə çox bahadır”. Görünən odur ki, “McDonalds”a getmək həm cibə, həm də cana ziyanlıdır.

“McDonalds” niyə açıqlama vermir?

Lakin bu amillərdən başqa restoranlar şəbəkəsinin adı zamanla bir çox neqativ hadisələrdə də hallanıb. Burada bir faktı xatırlatmaqda yerinə düşər. Məsələn 44 günlük Vətən müharibəsi zamanı “McDonalds” şirkəti əvvəl erməni terroruna qarşı paylaşım edib, daha sonra isə bu postun onların siyasətinə uyğun olmadığını və məqsədlərinin yalnız insanlara xidmət etmək olduğunu səbəb gətirərək silib. Məhz bu səbəblə bir çox insan tərəfindən boykot edilən “McDonalds” şirkəti Azərbaycan xalqından üzr istəyib.
 

Maraqlısı isə “McDonalds” restoranlar şəbəkəsi haqqında səsləndirilən neqativ hallara münsaibət bildirməməsidir. Ümumiyyətlə, bu şirkət demək olar ki, mətbuata qapalı bir qurumdur. Halbuki, haqqında qida təhlükəsi və digər neqativ hallar barədə səslənən ittihamlara açıq şəkildə münasibət bildirməli və yaranan problemləri yoluna qoymağa çalışmalı olduqları halda, şirkət yenə də susur. 


Ən azı yeməklərində istifadə etdiyi inqridentlərin mənşəyi haqda açıqlama vermək kimi bir borcu var. Çünki hər bi istehlakçının yediyini bilmə hüququ bunu tələb edir. 

“McDonalds”ın sükutu isə bütün normativlərə görə, müştərilətə qarşı hörmətsizlik kimi qiymətləndirilə bilər.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO