"Ölkə xaricindəki bəzi soydaşlarımız Azərbaycana söyüş "ixrac" etmək uğrunda yarışa girişiblər"

Hazırda oxunan: "Ölkə xaricindəki bəzi soydaşlarımız Azərbaycana söyüş "ixrac" etmək uğrunda yarışa girişiblər"

218379
Əziz soydaşlarım!
Mən bu gün çox önəmli bir məsələ ilə əlaqədar sizə müraciət etmək istəyirəm. Son vaxtlar ölkə siyasətində və xüsusən də ən geniş virtual siyasət məkanlarından biri sayılan Feysbuk sosial şəbəkəsində heç də xoşa gəlməyən meyllər, tendensiyalar diqqəti cəlb etməyə başlayır. Söyüş siyasət predmetinə, siyasi mübarizə vasitəsinə çevrilir. Ölkə xaricindəki bəzi azərbaycanlılarımız bizləri öz uğurları ilə sevindirmək əvəzinə, Feysbuk üzərindən Azərbaycana söyüş "ixrac" etmək uğrunda yarışa girişiblər. Onlar ölkə başçısına qarşı, onun köməkçisinə qarşı və bir sıra digər vəzifəli şəxslərə qarşı səslənən və paylaşılan söyüş və təhqirlərin miqyasını gün-gündən genişləndirməyə çalışırlar.

Mən istər Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri kimi, istər sıravi vətəndaş kimi, istərsə də Qarabağ qazisi kimi siyasəti söyüş meydanına çevirənlərə öz qəti etirazımı bildirirəm! Söyüşləri yığışdırın, bəylər! Ölkə rəhbərliyinə qarşı söyüşlər yağdırmağınız problemlərin həll yolu deyil. Əksinə, atdığınız addımlar "bumeranq effekti" verir. Siz söydükcə, sizdən narazı qalanların sayı çoxalır. Nəzərə alın ki, bu ölkənin vətəndaşları arasında sizə tərəfdar çıxan, sizinlə həmrəy olduğunu bildirən vətəndaşlar olduğu kimi, bu hakimiyyətin, konkret olaraq İlham Əliyevin dəstəkçiləri də çoxdur. Mən sizin sevimli sözünüz olan "troll" adı altında fəaliyyət göstərən hansısa şəxslərdən danışmıram. Mən İlham Əliyevi, onun yürütdüyü siyasəti açıq şəkildə dəstəkləyən çoxlu sayda real insanlardan danışıram. Həmin insanlardan biri də mənəm. Mən İlham Əliyevin tərəfdarlarından biriyəm. Ölkədə mənimlə eyni mövqedən çıxış edən insanlar çoxdur. Və sizlər qeyri-etik davranışlarınızın, söyüşlərinizin "doza"sını gün-gündən artırdıqca bizim də öz mövqeyimizin doğruluğuna əminliyimiz biraz da artır. Biz sizləri hazırki hakimiyyətlə müqayisə edirik və istər-istəməz üstünlüyü hakimiyyətə veririk. Bu hakimiyyət sizdən fərqli olaraq öz rəqibləri ilə söyüş dili ilə danışmır. Bu hakimiyyət küçə davranışlarını siyasətə gətirmir. Bu hakimiyyətin sözçüləri söyüşlərinizə söyüşlə cavab vermir. Bu hakimiyyətin ən önəmli fiqurlarından biri - Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov sizin söyüşkənliyinizə, küçə mədəniyyətinizə qarşı hədsiz dərəcədə təmkin və nəzakətlə reaksiya verir və hər şeyə rəğmən sizi bir daha sivil mübarizə prinsipləri çərçivəsində fəaliyyət göstərməyə çağırır. Lakin siz isə sanki bir qədər də ruhlanaraq Azərbaycan hakimiyyətinə qarşı "səlib yürüşü"nüzün (daha doğrusu, "söyüş yürüşü"nüzün) şiddətini bir qədər də artırmağa çalışırsınız. Lakin yadda saxlayın ki, sizin bu yürüşünüz təkcə Azərbaycan hakimiyyətinə qarşı yox, həm də bütövlükdə Azərbaycan xalqına qarşı yönəlib. Çünki bu xalqın əksər nümayəndələri, bu xalqın bütün mədəni insanları sizin söyüş taktikanızı şiddətlə qınayır və siyasəti söyüşxanaya çevirməyinizi əsla qəbul etmirlər. Siz sizin 1 qəpiklik söyüşlərinizdən bayılan, Feysbuk paylaşımlarınızın altındakı şərhlərində sizə təriflər yağıran və sizin söyüş söyməyinizi az qala qəhrəmanlıq kimi dəyərləndirən bəzi tərəfdarlarınıza baxıb da düşünməyin ki, bütün Azərbaycan xalqı sizin mövqeyinizi dəstəkləyir. Xeyr, özünüzü aldatmayın, bəylər! Və dünyanı da həm özünüzə, həm də Azərbaycana güldürməyin. Dünya siyasət tarixində hər hansı bir müxalif qüvvənin öz ölkəsinin hakimiyyətinə qarşı mübarizə vasitəsi kimi söyüşdən istifadə etməsi, söyüşlərin effektinə ümid etməsi kimi rəzil və rüsvayçı bir təcrübə yoxdur. İntellektiniz yalnız buna çatırsa demək ki, siz çox zəif və acizsiniz. Sizdən fərqli olaraq Azərbaycan hakimiyyəti isə söyüşlərinizdən sarsılacaq qədər zəif və aciz deyil. Odur ki, nə qədər ki, gec deyil, düşünün!

Əlisahib Hüseynovxa0
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO