Alimentdən yayınanların sayı ARTIR – Məhkəmə qərarları niyə İCRA olunmur?

Alimentdən yayınanların sayı ARTIR – Məhkəmə qərarları niyə İCRA olunmur?

Hazırda oxunan: Alimentdən yayınanların sayı ARTIR – Məhkəmə qərarları niyə İCRA olunmur?

214941

Azərbaycanda boşanmaların sayı kimi, alimentdən yayınanların da sayı artır. Son bir il ərzində bu öhdəlik üzrə borclu və cavabdeh şəxslərin axtarışa verilməsi ilə bağlı statistika da bunu sübut edir. Belə ki, ötən il aliment ödəməkdən yayınan 11 217 nəfər borclu və cavabdeh şəxs kimi axtarışa verilib. Onlardan 6661 nəfərin yeri müəyyən olunub. 4 556 nəfərin axtarışı isə ilin sonuna kimi nəticəsiz qalıb. 

Rəsmi rəqəmlər həm də onu göstərir ki, ötən il bu öhdəliklə borclu və cavabdeh şəxslər 2022-ci illə müqayisədə 106 faiz təşkil edib ki, bu da artım deməkdir.
 

MÖVZU İLƏ BAĞLI:

Aliment ödəməyən 4 mindən çox şəxs axtarışa verildi


Bəs, alimentlə bağlı məhkəmə qərarlarının icrasına nə mane olur? Bu qərarların icrası üçün hansı tədbirlər görülməlidir?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında bildirib ki, aliment ödəməkdən yayınanları iki kateqoriyaya bölmək olar. Birincisi, qəsdən yayınanlardırdır ki, onlar aliment ödəməmək, yaxud az ödəmək üçün müxtəlif yollar axtarırlar:

"Fərdi işləyirsə, deyir, işləmirəm, əməkhaqqım yoxdur. Yaxud mal-mülkünü başqasının adına yazdırır. Bunun doğru, yaxud yalan olmasını icraçılar üzə çıxarır. Əgər icraçı məsuliyyətli adamdırsa, o araşdırır, müəyyən edir ki, bu adam işləyir. Əmlakı var, amma başqasının adınadır. Yəni sübut edir ki, qərəzli olaraq yayınır. Bir də var, qərəzli olmadan yayınanlar. Yəni onlar həqiqətən işsizdir, gəliri yoxdur. Yaxud yeni ailə qurub, gəliri azdır”.

Hüquqşünas deyir ki, aliment ödəməkdən yayınanlarla bağlı həm Cinayət Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində məhkəmə qərarının icra olunmamasına görə cəza nəzərdə tutulub: 

“Məhkəmənin alimentlə bağlı qərarını təmin edə bilməyəndə bəzən icraçılar həmin şəxs haqqında protokol tərtib edib inzibati həbsinə nail olurlar. Sonra yenə ödəməyəndə cinayət işinin açılmasına çalışırlar. Halbuki həm CM-də, həm İnzibati Xətalar Məcəlləsində göstərilir ki, qərəzli olmadan ödəyə biməyənlərlə bağlı bu cür cəza verilməsi qanunsuzdur. Avropa Məhkəməsinin də belə inzibati həbslər üzrə qərarı olmuşdu. Bu inzibati həbslər qanunsuz sayılır. Çünki maddədə qərəzli yayındığı göstərilir. Halbuki bu adam həqiqətən də işləmir, qazancı yoxdur. Bu hal geniş yayılıb. 

Qanunla işləyən icraçılar belə izibati həbs, yaxud cinayət işinin qaldırılması məsələsinə çox diqqətli yanaşırlar. Çünki bunun qanunsuz olduğunu bilirlər. Bəziləri isə şikyətçinin təzyiqinə məruz qalıb belə protokollar tərtib edirlər. Belə olanda da qanun pozulur. Ona görə də, bu kimi hallarda hökumətin müdaxiləsi mütləq lazımdır. Bunun üçün də ən doğru yol Aliment Fondunun yaradılmasıdır”.

Əsəbəli Mustafayevin fikrincə, bu məsələnin reallaşması yönündə dəfələrlə mətbuatda fikirlər səsləndirilib. Hüqüqşünaslar, sosioloqlar münasibət bildiriblər. Amma təəssüf ki, fondun yaradılması məsələsi yubanır: 

“Aliment Fondunun yaradılması ilə bağlı hələlik real addımlar yoxdur. Xarici ölkələrdə bununla bağlı praktika var. Kim işsizdirsə, ödəmək imkanı yoxdursa, ya qaçıb gizlənibsə, həmin fonddan aliment ödənir, sonra borcludan tutulur. Üstəlik uşaqlar üçün müavinətlər var. Almaniyada səhv etmirəmsə, bu məbləğ 310 avrodan başlayır, sonra da artır. Ona görə də, bizdə də bunun tətbiq olunması çox vacib məsələdir”.

“Məktəb uşaqlarının yarısını tək analar böyüdür”

Hüquqşünas deyir ki, Aliment Fondunun yaradılması ilə yanaşı, uşaq pulu, eləcə də övladını tək böyüdən analara əlavə güzəştlərin verilməsi də gündəmdə olmalıdır: 

“Aliment, yaxud çalışan anaların əməkhaqqı ilə uşağın yeməyini, geyimini, təhsilini qarşılamaq çətindir. Özünüz də şahid olmusuz yəqin, çox zaman belə uşaqlara fərdi şəxslər kömək edir. Sosial şəbəkədə oxuyuruq ki, qonşumun uşağı məktəbə gedə bilmir, çantası, əyin-başı yoxdur, xahiş edirik, kömək edin. 

Üstəlik, bizim ənənələrə görə, qızlar ailə quranda ər evinə köçürlər. Yəni yaşadıqları ev ya həyat yoldaşının, ya da qayınatasının olur. Boşananda isə çox zaman kirayəyə çıxmağa məcbur qalırlar. Bakıda, Sumqayıtda tək uşaq böyüdən, kirayədə qalan kifayət qədər qadın var. Sumqayıt məktəblərinin birində araşdırma aparılmışdı. Məlum olmuşdu ki, az qala məktəb uşaqlarının yarısını tək analar böyüdür. Bu səbəbdən tənha anaların övladına normal təhsil verməsi, təminatı üçün mütləq əlavə güzəştlər olmalıdır”.

Çox hallarda valideynlər aliment ödəməkdən boyun qaçırırlar

Millət vəkili Günay Ağamalı da Aliment Fondunun yaradılmasının mövcud problemin həllində müsbət rol oynaya biləcəyi qənaətindədir: 

“Məhkəmələrdə alimentin verilməsi ilə bağlı qətnamələr qəbul olunur, lakin onların icrasında müəyyən çətinliklər var. Yəni iş icraçıları məhkəmənin qətnaməsinin yerinə yetirməsi üçün səlahiyyətləri çərçivəsində bütün addımları atırlar. Lakin çox hallarda valideynlər aliment ödəməkdən boyun qaçırırlar.  Bu kateqoriyadan olan vallideynlərə qarşı məhkəmələr digər hüquqi addımlar atır və onlar həbsxanada cəza çəkməli olurlar. 

Təbii ki, bu da çıxış yolu deyil. Mənə belə gəlir ki, Aliment Fondunun yaradılması müəyyən dərəcədə mövcud problemin həllində müsbət rol oynaya bilər”.


Deputatın fikrincə, bunlarla yanaşı, cəmiyyətimizdə ailə institutunun möhkəmlənməsi yönündə maarifləndirmə işini daha da gücləndirməliyik.

Rəna Cumaqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO