Ağdamdakı postlara aparan keçilməz yolların çözülməyən PROBLEMİ - Günahkar axtaraq, yoxsa… - FOTO

Hazırda oxunan: Ağdamdakı postlara aparan keçilməz yolların çözülməyən PROBLEMİ - Günahkar axtaraq, yoxsa… - FOTO

184900

44 günlük Vətən müharibəsinə qədər təmas xətti faktoru burada yerləşən kəndlərin sakinləri üçün real təhlükə mənbəyi idi. Yəni insanlar təsərüfatla məşğul ola bilmir, bəzi hallarda isə heç ölüsünü də gündüz saatlarında dəfnə apara bilmirdilər. Bir sözlə, düşmən atəşi hər şeyi yarıda qoya bilərdi. 

Müharibədən sonra isə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdiyi üçün bu ərazilərdə düşmən və namərd gülləsi təhlükəsi olmasa da mina partlayışları canlar almağa başladı. Bəziləri tamah ucbatından metal toplamaq üçün, bəziləri isə doğulduğu yurd-yuvasına qanunsuz səfər etmək yolunda ya həyatlarından oldular, ya da sağlam canlarından.

Yuxarıda sadalanan faktların qarşısı almaq üçün keçmiş təmas xətti boyunca DİN-nin Daxili Qoşunlarının şəxsi heyəti ərazidə postlar quraraq, xidmətə başladı. Daxili qoşunların təşkil etdiyi bu xidmət sözün əsl mənasında yüzlərlə faciənin qarşısını alır.

Bölgə insanlarının təhlükəsizliyini təmin etmək üçün, zabit, gizir, çavuş və əsgər heyəti təkcə Ağdam rayonunda 29 km. məsafədə gecə-gündüz xidmət aparır.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, daxili qoşunların Ağdamda xidmət aparan bölmələri məhz elə bu istiqamətdə müəyyən çətinliklərlə üzləşirlər. Bu çətinliklər isə nə xidmətin təşkili, nə də təminatla bağlıdır. 

Problem bölmədən postlara aparan yollardadır. 

Söhbət nəzarətsiz qalmış suvarma sularının keçilməz etdiyi yollardan gedir. Yəni bu yoldan istifadə etməklə, postlara yemək aparan və digər xidməti səfərlər edən maşınlar vaxtaşırı keçilməz palçıqlı yollarda ya bataraq saatlarla vaxt itirir, ya da çox çətinliklə hərəkət edir. 

Problemlə bağlı Ağdam Mexaniki Suvarma İdarəsinin baş mühəndisi Elşən Hüseynov əməkdaşımıza bildirib ki, qeyd olunan şətinliklərin səbəbkarı elə fermerlərdir, onlar suvarma suyunu nəzarətsiz qoymaqla,  bu sadalanan problemlərə səbəb olurlar: “Qeyd olunan hallara tərəfimizdən rast gəldindikdə dərhal qarşısı alınır. Ancaq bu problemin əsas səbəbkarı əkinçiliklə məşğul olan kəndlilərdir. Onların suvarma suyunu nəzarətsiz qoyması bu vəziyyətə gətirib çıxarır".

Bütün hallarda fakt dəyişməz olaraq qalır. Həlli yolunu hələ ki, tapmayan bu problem növbəti günlərdə yenə insanların təhlükəsizliyinin keşiyində duran əsgərin qarşısını kəsəcək.

Tək səbəb isə Mexaniki Suvarma İdarəsinin rəsmisinin dediyinə əsasən, elə əkinçilər göstərilir. Axı, necə ola bilər ki, bir idarənin cavabdeh olduğu hər hansı bir məsələ nəzarətsiz qalsın?

Ümid edirik ki, Azərbaycan əsgərinin yolunda maneəyə çevrilən, kənardan xırda görünsə də, əslində elə həmin yollardakı çuxurlar qədər dərin olan bu problem tezliklə öz həllini tapacaq.


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO