Aytəkin Alxaslının Şuşa TƏƏSSÜRATLARI – FOTO

Hazırda oxunan: Aytəkin Alxaslının Şuşa TƏƏSSÜRATLARI – FOTO

171120

Medianın İnkişafı Agentliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində maraqlı bir layihəyə imza atıb. Bölgələrdə fəaliyyət göstərən mətbuat nümayəndələrinin Şuşaya mediaturu təşkil olunub. Tur dekabrın 25-dən başlayıb, ayın 27-i saat 11-da başa çatıb.


Bölgə jurnalistləri Şuşa səfərindən böyük və xoş təəssüratlarla qayıdıblar. Onların hər biri Medianın İnkişafı Agentliyinin bu jestini razılıqla qarşılayıblar. 60 nəfərlik tutumu olan avtobusla 6 saatdan çox məsafə qət edən mətbuat təmsilçiləri Füzulinin Horadiz qəsəbəsini keçdikdən sonra, işğaldan azad olunmuş yerlərdən üzü Şuşaya getdikcə mütəəssir və qürurlu anlar yaşayıblar.

Vətən Müharibəsindən sonra çəkilən möhtəşəm Zəfər yolu iştirakçıların hər birini duyğulandırıb. Xüsusən Şuşaya qalxan aşırımlı dağ yollarını qalxdıqca hər birimiz yalnız və yalnız şəhidlərimizi, yaralı qazilərimizi və Ali Baş Komandanımız İlham Əliyevin Vətən Müharibəsində bir daha nümayiş etdirdiyi ordu-xalq birliyini düşünürük.


Zarafat deyil, dağ yolunu müasir tipli yeni yolla qalxırsan. Nə gizlədək, heç kim yorulduğunu gizlətmir. Bu anda hamını kədərli və eyni zamanda nikbin bir fikir düşündürür: rahat yolla gedirik, hətta yoruluruq da. Amma müharibə vaxtı igid oğullarımız sıldırım, sərt yoxuşlu dağı, meşəni, qayalığı necə çətinliklə qalxıblar...

Çox qürurvericidir!

Görün, bu igidlərimizdə Vətən, torpaq sevgisi nə qədər güclü olub. Onları bu məqamda yalnız sərt iqlim şəraitində irəliləyib, Şuşanı yağı düşməndən azad etmək düşündürüb. Onların bu sıldırım qayalığı Fərhad kimi yara-yara irəliləməsini düşünüb mütəəssir olurduq. Sonrakı hadisələr isə hər birimizə məlumdur.

Şuşa artıq bizimdir!

Biz bu qədim - Qarabağın üzük qaşı olan şəhərimizdəyik. Şuşamız hər gözəlliyi ilə yenidən bizimlədir.

Mətbuat əhlinin Şuşa səfəri günü-gündən gözəlləşib yenidən qurulan tarixi məkanla tanışlıqdan başlayır. Proqram çərçivəsində 5 saat ərzində media təmsilçiləri Yuxarı Gövhərağa məscidində, Molla Pənah Vaqifin məqbərəsində, Cıdır düzündə, Şuşa qalasında və İsa bulağında oldular. Bu məkanların hər birinə baxdıqca isə ermənilərin vəhşicəsinə dağıtdığı binaların bu 3 il ərzində necə böyük sürətlə yenilənərək bərpa edildiyi nəzərə çarpır.


Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli media təmsilçilərinin Şuşa səfəri barədə iştirakçılara açıqlama verib. Bildirib ki, səfərdə ölkənin təkcə şimal bölgəsindən deyil, cənub və qərb regionundan, ümumilikdə, bütün bölgələrdən olan mətbuat təmsilçiləri iştirak edir. 50 media subyektindən 100-ə yaxın əməkdaşın Şuşa turuna qatıldığını deyən Natiq Məmmədli bunun Yeni il Bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində jurnalistlərə bir bayram hədiyyəsi olduğunu vurğulayıb.


Təşkilatçılara minmətdarlıqla və Şuşanı bizə qaytaran şəhidlərimizin əziz xatirəsinə ehtiramla...

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO