Taksi sürücüləri təlimlərə CƏLB OLUNUR – Yollardakı xaos BAŞA ÇATIR?

Taksi sürücüləri təlimlərə CƏLB OLUNUR – Yollardakı xaos BAŞA ÇATIR?

Hazırda oxunan: Taksi sürücüləri təlimlərə CƏLB OLUNUR – Yollardakı xaos BAŞA ÇATIR?

153081

Azərbaycanda taksi fəaliyyətinin tənzimlənməsinə dair oktyabrın 1-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, sürücülərin xüsusi təlimlərdən keçmədən fəaliyyət göstərmələri yolverilməzdir. Buna uyğun olaraq da, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində taksi sürücüləri üçün təlimlərin keçirilməsinə başlanılıb. 

“Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.

Məlumata görə, taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə vətəndaş məmnunluğunun artırılması məqsədini daşıyan təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir.

İştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır. 
Tədris proqramına taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqram təminatlarından istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, sərnişindaşımada hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib. Proqramın yekununda imtahan təşkil edilir. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə şəhadətnamə təqdim olunur.

Görəsən, atılan bu addım fonunda nəhayət, taksi sistemində hökm sürən xaosa son qoyulacaqmı?

Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, taksi fəaliyyətinin tənzimlənməsilə bağlı qüvvəyə minəcək yeni qaydalar düzgün şəkildə icra olunacağı təqdirdə, xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. 

Ancaq bu addım həmsöhbətimizə görə, həm də qiymət artımı ilə müşayiət olunacaq:

“Yeni qaydalara əsasən taksi sürücülərinin xüsusi təlimlərdən keçmədən fəaliyyət göstərmələrinin qadağan olunmasının bu sahədə mövcud olan xaosu aradan qaldırıb qaldırmayacağını indidən söyləmək çətindir. Hər şey yeni qaydaların necə və nə cür yerinə yetirilməsindən asılı olacaq. 
Amma bu addımın qiymətlərə təsirinin olacağı dəqiqdir. Taksi fəaliyyətində bu günə qədər qiymətlər qənaətbəxş olub. Lakin xidmətin keyfiyyəti haqlı olaraq narazılıq doğururdu. Qəbul olunmuş yeni qaydalar düzgün şəkildə icra ediləcəksə, qiymət artımı ilə yanaşı, xidmətin keyfiyyətinin yüksəlməsinin də şahidi olacağıq”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO