Bu gözəl Vətəni ikiyə bölən tək Araz olsaydı, mənim nə dərdim...

Bu gözəl Vətəni ikiyə bölən tək Araz olsaydı, mənim nə dərdim...

Hazırda oxunan: Bu gözəl Vətəni ikiyə bölən tək Araz olsaydı, mənim nə dərdim...

135123
Söhrab Tahir Şamaxıya tez - tez gələn şairlərdən idi. Şəhriyar qəsəbəsində qohumları, vaxtilə Arazın o tayından gəlmiş dostları yaşayırdı, Söhrab müəllim də onlara baş çəkərdi. Onun Şamaxıya gəlişi xəbəri dərhal hər yerə yayılırdı, hamı Söhrab Tahirin başına yığılırdı. Ən çox sevinən isə, şübhəsiz, Şamaxı şairləri olurdu. Söhrab müəllimin səmimiyyəti, yaradıcılığımıza qayğı ilə yanaşması bir az da bizi ərköyünləşdirmişdi. Rəsul Rzaya, Qabilə, Tofiq Bayrama deyə bilmədiyimiz sözü Söhrab Tahirə asanlıqla deyirdik. Böyük şair bu ərköyünlükdən incimirdi, əksinə, məmnun qalırdı. Biz hamımız Cənub həsrəti ilə yaşayan gənclər idik, Şəhriyarın, Balaş Azəroğlunun, Əli Tudənin, Mədinə Gülgünün və əlbəttə, Söhrab Tahirin şeirləri dilimizin əzbəri idi. Süleyman Rüstəmin, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin də Cənub niskilli şeirlərini bilirdik. Beləliklə, Söhrab Tahirlə hər görüş unudulmaz poeziya məclisinə çevrilərdi. Qaladığımız ocaq getdikcə alovlanardı, çünki bu ocağın başında Söhrab Tahir əyləşmişdi. Mənim söylədiyim bu misralar onu kövrəldirdi, amma yenə eşitmək istəyirdi:

Bu gözəl Vətəni ikiyə bölən,
Tək Araz olsaydı, mənim nə dərdim...
İnan ki, Arazın tutub belindən,
Mən onun özünü iki bölərdim!...

Yox, bu, Söhrab Tahirin şeiri deyildi, amma, bunun heç fərqi də yox idi. Əsas o idi ki, misralar qəlbimizi bürümüş Cənub ovqatını tamamlayırdı...
- Söhrab müəllim, bizə Təbrizdən danışın...
Söhrab Tahirdən ən böyük xahişimiz bu olardı. O da danışardı...Çünki, Söhrab Tahir təkcə şair deyildi, elə bir həyat yaşamışdı ki, deməyə sözü, danışmağa haqqı var idi. Hamını tanıyırdı, azadlıq uğrunda mübarizə aparan yoldaşlarının adını hörmətlə, ehtiramla, məhəbbətlə çəkirdi...
...Sonuncu dəfə bir il əvvəl, "Xalq qəzeti"nin redaksiyasında keçirilən Həsən Cabbarzadənin xatirəsinə həsr olunmuş məclisdə görüşdük. Səhhətində yaranmış problemlərə baxmayaraq köhnə dostuna ehtiramını bildirməyə gəlmişdi. Çıxış etdi, xatirə söylədi. Söhrab Tahir danışdıqca, mən də Şamaxıdakı görüşlərimizi xatırladım. Tədbirdən sonra dedi ki, evə tələsmə, gedək, "Sahil" bağında bir az gəzək. Yenə Söhrab Tahir böyüklüyü, Söhrab Tahir əzəməti...
...Söhrab Tahir, sevimli xalq şairimiz, əziz dostumuz, xeyirxah ustadımız bizi tərk etdi. Biz onu qəlbimizdə həmişə böyük məhəbbətlə yaşadacağıq...

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO