Açıq bazara çevrilən MƏKTƏB BUFETLƏRİ – Acınacaqlı duruma niyə nəzarət edilmir?

Açıq bazara çevrilən MƏKTƏB BUFETLƏRİ – Acınacaqlı duruma niyə nəzarət edilmir?

Hazırda oxunan: Açıq bazara çevrilən MƏKTƏB BUFETLƏRİ – Acınacaqlı duruma niyə nəzarət edilmir?

130590

Qida Təhlükəsizliyi Agentliyi ötən gün paytaxtın Yasamal rayonunda yerləşən 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra 7 şagirdin səhhətində yaranmış narahatlıqlarla əlaqədar aparlan araşdırmaların ilkin nəticələrini açıqlayıb. 

Aparılan yoxlamadan məlum olub ki, şagirdlər “TAİS İKF” MMC tərəfindən satışı həyata keçirilən toyuğun qızardılmış döş əti (nagets), 1 şagird isə dönər (şaurma) qəbul edib. Bundan sonra zəhərlənmə əlamətləri başlayıb. 

Məktəbdə yoxlama zamanı müəssisəyə qida məhsulları gətirildikdən sonra temperatur və nəmliyə nəzarət olunmadığı da müəyyən edilib.

Məsələnin narahatlıq yaradan tərəflərindən biri də odur ki, qurum adı keçən məktəbdə bu ilin 16-18 yanvarında qida blokunda yoxlama həyata keçirib və qida sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar edib. Nəticədə məktəbin vəzifəli şəxsi barəsində inzibati məsuliyyət tədbiri görülüb və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Baş verən hadisə isə onu göstərir ki, məktəb rəhbərliyi və vəzifəli şəxsləri  Agentliyin ortaya çıxardığı faktlara əhəmyyət verməyib. Bunun ziyanını ödəyən isə şagirdlər oldu.

Vacib olan bir məqamı da vurğulayaq ki, AQTA yoxlama zamanı 172  ümumi təhsil müəssisəsində müxtəlif nöqsanlar aşkar edib. Bu siyahıya nəzər salanda  acınacaqlı mənzərə ortaya çıxır. Siyahıda Bakı şəhərində fəaliyyət göstərən tanınmış məktəb və liseylərin də adı var.

Xüsusilə, Salyan, Lənkəran rayonlarında yerləşən məktəblərin adı daha çox hallansa da, bölgələrdəki məktəblərin çoxunun adı siyahıda yer alıb. Bu fakt ümumi mənzərəni ortaya qoyur.

AQTA bu məlumatları açıqlayır, media, qida ekspertləri ilə bir neçə yazı yazır və bununla da məsələ gündəmdən düşür. Sonra növbəti hadisəyə qədər məktəb bufetlərində vəziyyət davam edir.

Müraciət etdiyimiz qurumlar isə məsələnin həlli istiqamətində deyil, quru rəsmi cavablar verməklə kifayətlənir. 

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib  ki, "Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.-cı bəndinə görə, ümumi təhsil müəssisələrində  iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir.
 

MÖVZU İLƏ BAĞLI:

BŞTİ: Paytaxt məktəblərinin yeməkxanalarında monitorinqlər aparılır


Belə görünür ki, bu işdə əsas məsuliyyət qalır həmin bufetləri işlədən sahibkarın və məktəb rəhbərliyinin üzərində. Amma məktəbdə təhsil alanlar gələcəyi qarşıda olan uşaqlardır. 

Məktəbi “sərbəst ticarət zonası”na çevirib uşaqlar üçün zərərli olan qidaları satmaq özü cinayətdir. Yeri gələndə, ictimai nəzarətdən bəhs olunur. Amma bu gün məktəblər o qədər qapalı saxlanılır ki, valideynlərin belə içəri buraxılmasına imkan verilmir. 
Bəs, məktəb bufetlərində ictimai nəzarəti kim aparacaq? 

Nəzərə alaq ki, xüsusilə aşağı siniflərdə dərslər erkən saatda başlayır. Yollar tıxac olur. Tələsik, evdə qidalanmadan çıxan uşaq məktəbə çatır və hazır qidalara vurulan müxtəlif iylərdən, görüntüdən sonra dərhal  yemək istəyir. 

Uşaqların burnunun dibində bu cür zərərli qidaların satılması nə qədər doğrudur?  

Uşaqlar kola və hamburger duetinə məhkum edilib. Məsələn, qonşu dövlətlərdən birində aparılan sorğudan aydın olub ki, ibtidai sinif şagirdlərinin 60-85 faizi səhər yeməyi yemir, Həmin uşaqlar simit, lahmacun, sendviç, vafli, şokolad, hamburger tipli qidalar, 50 faizdən çoxu şəkərli qidalar yeyir. Süd və ayran istehlakı sadəcə 15-25 faiz təşkil edir.

Onu da qeyd edək ki, inkişaf etmiş ölkələrdə məktəb yeməklərinin kalori və qidalılıq dəyərini bəyan etmək məcburidir. 

Ölkəmizdə isə məktəb yeməklərinin qida tərkibinin açıqlanması bir yana qalsın, hətta yeməkxanalarda satılan yeməklərdən uşaqlar zəhərlənə bilir. 

Mütəxəssislər bəyan edir ki, bu cür qida və içkilərlə qidalanan uşaqlarda kalsium çatışmazlığı və qan azlığı yarana bilər. 

Qida məsələləri mütəxəssisi Ağa Salamov bildirib ki, dərin yağda bişən yeməklər, konkret olaraq qızardılmış döş əti (nagets), uşaq qidası deyil. Çünki bu qida trans yağda bişir:

“Bu cür yeməklərin hazırlanmasında fritür yağlarından istifadə olunur . Bu cür yağlar  otaq temperaturunda donan trans yağlardır. Təəssüf ki, bu hal təkcə məktəblərdə də deyil. Valideynlər uşaqları kafelərə aparanda  “uşağın frisi”nin gətirilməsini istəyir. “Kartof-fri”də o yağlarda bişir. 
O yağ isə uşağın bağırsaq florasını alt-üst edir, immun sistemini çökdürür. 

Ona örə də təhsil ocaqlarında sağlam qidalanma menyusu tərtib olunmalıdır. Riskli qidalardan hər gün nümunələr götürülməlidir. Məktəb bufetlərində  gündəlik nümunəni götürə biləcək qida laboratoriyası və qida mütəxəssisi olmalıdır”. 

Ekspert bildirib ki, AQTA nə qədər tezlikdə yoxlamalar aparsa da, yoxlamadan keçən qida belə, bir neçə saatdan sonra zəhərlənmə verə bilər: 

“Məktəblərdə bu işlər üçün ştata ehtiyac var. Sağlam qidalanmadan anlayışı olan mütəxəssislər məktəb bufetlərində gündəlik nəzarət işlərini yerinə yetirməlidir”.

Sonda bir məqamı da yada salaq ki, ötən il Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu tərəfindən UNICEF-in dəstəyi və Təhsil Nazirliyinin iştirakı ilə “Məktəblilərin qida bələdçiləri” pilot layihəsi həyata keçirilirdi.  

Əsasən 5-9-cu sinif şagirdləri arasında hərəsi 90 dəqiqə olmaqla aparılan seminarlarda qida təhlükəsizliyi, sağlam qidalanmaya dair bilik və bacarıqlar, həmçinin ümumtəhsil müəssisələrində fəaliyyət göstərən bufet və yeməkxanalara nəzarət mexanizmləri ilə bağlı məlumatlar verilirdi.

Seminarlar yekunlaşdıqdan sonra imtahanı uğurla başa vuran iştirakçılar “Məktəblilərin qida bələdçiləri” nişanı ilə təltif olunaraq fəaliyyət göstərdikləri məktəblərdə bufetlərin fəaliyyəti, həmçinin tərəflərin qida təhlükəsizliyi və sanitar qaydalara hansı formada əməl olunmasına ictimai nəzarəti həyata keçirməklə vəzifələndirləcəkdi. Qeyd edək ki, adı keçən layihə bu il də mövcuddur.
Amma görünən mənzərə və ortada olan faktlar onu göstərir ki, bu işə şagirdlərin nəzarəti çətin ki, effekt versin. Konkret olaraq, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və məktəb rəhbərləri, eləcə də valideynlər və ictimaiyyətin digər üzvləri bu problemlə bağlı öz üzərlərinə düşən işi görməlidirlər. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO